Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş poeziya müsabiqəsinin finalı İsrailin Kiryat-Byalik şəhərində baş tutub.
“Nəsimi ̶ 650” poeziya müsabiqəsi İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (“Azİz”) təşkilatçılığı və Azərbaycanın Diaspor ilə İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib. “Azİz” bu təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ili “Nəsimi ili” elan edəndən dərhal sonra irəli sürmüşdü.
Qeyd edək ki, müsabiqənin yarımfinal mərhələləri İsrailin üç müxtəlif şəhərində ̶ Tel-Əvivdə, Afulada və Kiryat-Yamda keçirilmişdi. Bu mərhələyə vəsiqə qazanmış 15 iştirakçı şairə Leyla Bəyim Cəfərova (Çexiya), yazıçı-ssenarist Yefim Abramov (İsrail), İsrailin Dağ Yəhudiləri Yazıçıları İttifaqının sədri Eldar Qurşumov, Azərbaycanın Xalq artisti Dina Tumarkina, Afula şəhər kitabxanasının direktoru İlana Braslavskaya, Afula bələdiyyəsinin Absorbsiya İdarəsinin rəisi İnna Okun, Kiryat-Yam şəhəri merinin müavini Adam Amilov, İsrailin Azərbaycandakı keçmiş konsulu Mixail Barkin və Kiryat-Byalim şəhəri merinin müavini Naxum Raçevskidən ibarət peşəkar münsiflər heyəti və tamaşaçılar qarşısında “canlı” yarışmalı olmuşdular. Münsiflər heyətinə Anna İbrahimbəyova rəhbərlik edib.
Təl-Əvivdəki birinci yarımfinalın qalibi İsrail Yazıçılar İttifaqları Federasiyasının üzvü, bir çox müsabiqələrin laureatı, “Novı sovremennik” Beynəlxalq Yazıçılar İttifaqının fərmanlarına layiq görülmüş, üç kitabın və iki audiokitabın müəllifi, Holokost qurbanlarına həsr olunmuş “Xatirə borcum” toplusunun (Yekaterinburq, Rusiya) müəlliflərindən biri olan Semyon Qavrilov olmuşdu.
Afula şəhərindəki ikinci yarımfinalda Azərbaycanın Milli Qəhrəmanı, Dağlıq Qarabağın düşmən tapdağından azad edilməsi uğrunda döyüşən Sahil Məmmədova həsr olunmuş “Mənim kumirim” şeiri ilə doqquz yaşlı Kostya Vararu qələbə qazanmışdı.
Kiryat-Yam şəhərindəki sonuncu yarımfinalın qalibi adına isə Şahin Göyçaylı layiq görülmüşdü. Şair irihəcmli şeirilə Azərbaycana, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına və milli qəhrəmanlarına böyük sevgisini və ehtiramını ifadə etmişdi.
Kiryat-Byalikdə hər üç finalçını dinləyən münsiflər heyəti birinci yeri “Mənim kumirim” şeirinin doqquz yaşlı müəllifi Konstantin Vararuya verməyi qərara alıb. K.Vararu Qarabağ uğrunda döyüşlərdə bir ayağını itirmiş Sahil Məmmədovun igidliyi qarşısında heyranlığını, sevimli qəhrəmanına bənzəmək arzusunu səmimi şəkildə izhar edib. Tamaçaşılar onun ifadəli qiraətini gur alqışlarla qarşılayıblar.
“Nəsimi ̶ 650” poeziya müsabiqəsinin qalibi Konstantin Vararuya Azərbaycana pulsuz səfər mükafatı təqdim edilib. Finalçıların hər birinə planşet hədiyyə olunub.
Müsabiqənin finalçılarının şeirləri İsrail və Azərbaycanın ədəbi nəşrlərində dərc ediləcək.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak müsabiqənin bütün iştirakçılarına, münsiflər heyətinin üzvlərinə, öz şeirlərini tamaşaçılara təqdim etmiş Leyla Bəyim Cəfərovaya, Mixail Salmana, Larisa Lvovskayaya və digər şairlərə təşəkkürünü bildirib.