Bakı Slavyan Universitetinin (BSU) Yunan dili və Mədəniyyəti Mərkəzində “Nikos Kazancakisin Beynəlxalq Dostları Cəmiyyəti”nin prezidenti George Stassinakisin yunanşünas tələbələrlə görüşü keçirilib.
Tədbir “QALA” Yunanıstan – Azərbaycan Dostluq Cəmiyyətinin və BSU-nun beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə baş tutub.
“QALA” Yunanıstan – Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov tələbələri salamlayaraq, Yunanıstanda mövcud olan Azərbaycan diasporunun fəaliyyət istiqamətlərindən, rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib.
R.Məmmədov qeyd edib ki, George Stassinakisin Bakıya səfərinin Azərbaycan – Yunanıstan münasibətlərinə müsbət təsir edəcəyinə ümidvardır: “Bu cür tədbirlər vasitəsilə azərbaycanlı tələbələr yunan ədibləri haqqında daha geniş məlumat ala bilərlər”.
R.Məmmədov vurğulayıb ki, bütün dünyada böyük nüfuza malik olan “Nikos Kazancakisin Beynəlxalq Dostları Cəmiyyəti”nin minlərlə üzvü var. Müxtəlif ölkələrdə Nikos Kazancakisə həsr olunmuş elmi konfranslar, simpoziumlar və dəyirmi masalar təşkil olunur, onun anım günləri qeyd edilir.
George Stassinakis görkəmli yunan yazıçısı Nikos Kazancakisin həyat və yaradıçılığı haqqında tələbələrə müfəssəl məlumat verib. N.Kazancakisi XX əsrin ən böyük ədiblərindən biri adlandıran George Stassinakis qeyd edib ki, jurnalist kimi də fəaliyyət göstərən yazıçı vaxtilə Bakıda səfərdə olub. Bakı milyonçusu Şəmsi Əsədullayevin nəvəsi Ümmülbanunun – Baninin avtobioqrafik “Qafqaz günləri” romanı məşhurluq qazandıqdan sonra ona məktublar yazıb.
BSU-nun beynəlxalq münasibətlər kafedrasının dosenti İlyas Hüseynov iki ölkənin müasir dövrdəki münasibətlərindən və N.Kazancakisin müasir yunan dilindən Azərbaycan dilinə tərcümə etdiyi “Yunan Zorba” əsərindən danışıb.
Sonda tələbələri maraqlandıran suallara cavab verilib və xatirə şəkli çəkilib.