Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İspaniya Krallığının ərazi siyasəti və ictimai idarəetmə nazirinin müavini, dövlət katibi Xose İqnasio Sançes Amor ilə görüşüb. Görüşdə sədr Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov iştirak edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri F.Muradov Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin fəaliyyəti və qarşıya qoyulan hədəflər barədə X.İ.Sançes Amoru ətraflı məlumatlandırıb.
Azərbaycanla İspaniya arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bildirən sədr F.Muradov iki cəmiyyət arasında sıx əməkdaşlığın diaspora fəaliyyətinin daha da aktivləşməsində önəmli rol oynaya biləcəyini qeyd edib. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, diasporla iş sahəsində də sürətli inkişafa nail olunduğu bildirilib.
Ətraflı məlumata görə təşəkkürünü bildirən X.İ.Sançes Amor bir neçə dəfə Azərbaycana səfər etdiyini və ölkəmizdə həyata keçirilən genişmiqyaslı layihələrdən, əldə olunan uğurlardan xəbərdar olduğunu qeyd edib. Dövlət katibi Azərbaycan diasporunun iki ölkənin xalqları arasında əlaqələrin genişləndirilməsində mühüm rol oynaya biləcəyini, bu məqsədlə müxtəlif səpkidə tədbirlərin keçirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov Azərbaycan və İspaniyanın bir-birinin suverenliyi, ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəklədiyini qeyd edərək, beynəlxalq təşkilatlar çərçivəsində bir sıra mühüm məsələlər üzrə mövqelərin üst-üstə düşdüyünü məmnunluqla vurğulayıb.
Görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.