Mayın 18-də Romada İtaliya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis toplantısı keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, sədrin müavini Faiq Quliyev, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, hazırda bu ölkədə yaşayan 40 soydaşımız iştirak edib.
Toplantı Azərbaycanın Dövlət Himninin səsləndirilməsilə başlayıb.
Giriş sözü ilə çıxış edən Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti, azərbaycanlı icmalardakı mövcud durum barədə ətraflı məlumat verib. O, Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərindən, son dövrdə həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərdən, təhsil səhəsində həyata keçirilən mübadilələrdən, İtaliyanın müxtəlif universitetlərində azərbaycanlı tələbələrin sayının artmasından danışıb.
Komitə sədri vurğulayıb ki, hər iki ölkə arasında mövcud dostluq münasibətlərinin möhkəmləndirilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu və töhfəsi misilsizdir.
Bu quruma rəhbər təyin edilərkən Prezident İlham Əliyevin onun qarşısında xüsusi tapşırıqlar qoyduğunu xatırladan F.Muradov bildirib ki, bunlardan ən əsası dünyadakı azərbaycanlı icmalarla görüşmək, onların problemləri ilə yaxından tanış olmaq və dövlətin hər zaman soydaşlarımızın yanında olduğu ismarıcını çatdıqmaqdır.
Komitə sədri deyib ki, 50-dən çox ölkədə diaspor təşkilatları fəaliyyət göstərir və artıq bir çox ölkələrdə icmalarımız daha səmərəli fəaliyyət göstərmək məqsədilə Koordinasiya Şuraları yaradıblar. İtaliyada yaşayan azərbaycanlılara Diaspor Komitəsinin hər cür dəstək göstərməyə hazır olduğunu vurğulayan F.Muradov soydaşlarımızın, o çümlədən toplantı iştirakçılarının bu ölkədə hansı çətinliklərlə üzləşdikləri ilə maraqlanıb.
Azərbaycanlıların yaşadıqları ölkələrə inteqrasiya olunmaları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib və Romada bu cür tədbirin keçirilməsinə görə komitə rəhbərliyinə təşəkkürünü bildirib. O, soydaşlarımızı ictimai-siyasi və mədəni həyatda fəal olmağa, səfirliklə sıx əməkdaşlıq etməyə çağırıb.
Konsul Sərxan Ağakişiyev isə sənədləşmə problemləri yaranarkən və hər hansı çətinliklə qarşılaşarkən soydaşlarımıza dərhal səfirliyə müraciət etməyi təklif edib.
Daha sonra Komitənin fəaliyyətinə həsr olunmuş promo, infoqrafik və "Vətən uzaqda deyil" video-carxları təqdim olunub.
Toplantı iştirakçıları çıxış edərək fikirlərini bölüşüblər, dövlətin diqqət və qayğısına görə minnətdarlıqlarını bildiriblər. Onlar İtaliyada da azərbaycanlıların Koordinasiya Şurasının yaradılması fikrinə tərəfdar olduqlarını bildiriblər.
Sonra səsvermə yolu ilə Koordinasiya Şurası təsis olunub. Koordinasiya Şurasının Milan üzrə əlaqələndiricisi Bahar Yusifzadə, Roma üzrə əlaqələndiricisi Fərid Abbasov, Malta üzrə əlaqələndiricisi Leyla Cavadova seçiliblər.
Sonda Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib.