Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İtaliya parlamentində Parlamentlərarası İttifaq yanında İtaliya-Azərbaycan Dostluq Qrupunun sədri, İtaliya Senatının Xarici əlaqələr və emiqrasiya üzrə daimi komissiyasının üzvü senator Stefano Luçidi ilə görüşüb.
Görüşdə Azərbaycan və İtaliya arasında mövcud olan strateji tərəfdaşlıqdan, son dövrlərdə həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlərdən, müxtəlif sektorlarda, o cümlədən parlamentlərarası sahədə faydalı əməkdaşlıqdan, təhsil sahəsində həyata keçirilən mübadilələrdən, son illərdə İtaliyanın müxtəlif universitetlərində azərbaycanlı tələbələrin sayının artmasından məmnunluq ifadə olunub.
Fuad Muradov xaricdə, o cümlədən İtaliyada yaşayan azərbaycanlılar və ölkəmizin diaspor siyasəti barədə məlumat verib, diasporla əlaqələrin möhkəmləndirilməsi, informasiya siyasəti, diaspor təşkilatlarının fəaliyyəti, azərbaycanlıların yaşadıqları ölkələrə inteqrasiya olunmaları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Stefano Luçidi dünyadakı italyan diasporu, xaricdə yaşayan italyanların İtaliya parlamentinə seçkilərdə iştirakı, İtaliya parlamentinin və özünün üzv olduğu komissiyanın xaricdəki italyanlarla təmaslara verdiyi töhfələr barədə məlumat verib.
Söhbət zamanı diaspor fəaliyyəti ilə bağlı qarşılıqlı təcrübənin, müvafiq sahələrdə əməkdaşlıq imkanlarının araşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə də iştirak edib.
Görüşdən sonra Fuad Muradov İtaliya Respublikası Senatının yerləşdiyi Palazzo Madama sarayında ölkə parlamentinin qanunvericilik fəaliyyəti ilə tanış olub.