Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Diaspor Gənclərinin I Yay Düşərgəsi”nın rəsmi açılış mərasimi olub. Mərasim Azərbaycanın dilbər guşələrindən olan, qədim mədəniyyətin beşiyi Şəki şəhərində, Marxal Resort&Spa İstirahət mərkəzinin “Yaşıl teatr”ında baş tutub.
Açılış mərasimindən əvvəl düşərgə iştirakçıları Ulu öndər Heydər Əliyevin Şəki şəhərindəki abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Düşərgədə ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya, İngiltərə, bir sözlə, 37 ölkədən 140 diaspor gənci iştirak edir.
Açılış mərasimi Dövlət Himninin səslənməsi ilə başlayıb. Mərasimdə rəsmi şəxslər, millət vəkilləri və ictimai təşkilatların təmsilçiləri çıxış edib.
Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Yusubov qonaqları salamlayaraq Şəki şəhəri haqqında məlumat verib, şəhərdə yerləşən tarixi abidələrin əhəmiyyətindən söz açıb. O, rayonda aparılan quruculuq işlərindən danışıb, dövlət başçısı İlham Əliyevin rayonun inkişafı üçün xüsusi diqqət və qayğı göstərdiyini söyləyib, Şəki şəhərinin turizm imkanlarından danışıb. O, düşərgənin Şəki şəhərində keçirilməsindən məmnun olduğunu ifadə edib, bu cür irimiqyaslı tədbirlərin diaspor hərəkatının inkişafına ciddi təsir etdiyini qeyd edib.
Azərbaycan Respubklikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkə rəhbərinin gənclər siyasətindən danışıb, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın gələcəyi gənclərin əlindədir” sözlərinin bu gün reallaşdığını vurğulayıb. Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət, onların inkişafı üçün yaradılan şərait barədə danışıb. Komitə sədri Heydər Əliyev Fondunun, xüsusilə ölkənin Birinci vitse Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanın dünyaya tanıdılmasında əvəzsiz rol oynadığını bildirib.
Gənclər və İdman Naziri Azad Rəhimov Yay Düşərgəsinin xüsusi əhəmiyyətini qeyd edib, Azərbaycan Xalq Cümhuriyyətini anaraq xatırladıb ki, Azərbaycanın ilk diaspor nümayəndələri məhz Cümhuriyyət dövrünün xadimləri olub. Ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əlyevin diaspor quruculuğu və inkişafı sahəsindəki xidmətlərindən danışıb. Azad Rəhimov ölkəmizdə gənclərlə bağlı keçirilən beynəlxalq miqyaslı tədbirlərdən bəhs edib.
Millət vəkili, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov xaricdə yaşayan azərbaycanlı gənclərin ölkəmizdə bir araya toplanmasını alqışladığını deyib, Azərbaycanın artıq dünya dövlətləri içərisində xüsusi yeri olduğunu vurğulayıb, diasporumuzun müasir gənclərlə daha da güclənəcəyinə inandığını bildirib.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov düşərgənin təşəbbüskarlarına təşəkkürünü bildirib, tədbirin həsr olunduğu Cümhuriyyət dövrünün müstəqil Azərbaycanın tarixindəki rolundan danışıb və bildirib ki, bu gün də Azərbaycan dövləti gənclərə hər bir şəraiti yaradır. O deyib ki, bu gün Azərbaycan xalqı və dövləti gənclərimizlə fəxr edə bilərlər. Gənclər bütün sahələrdə böyük əzmkarlıq göstərirlər.
AMEA-nın Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudov düşərgənin həyata keçirilməsinin Diaspor Komitəsinin fəaliyyətində yeni bir mərhələnin başlanğıcını qoyduğunu deyib. Bildirib ki, yaxın gələcəkdə dünyada ən güclü diaspor Azərbaycan diasporu olacaq. O gənclərə müraciət edərək Azərbaycanla qürur hissi keçirməyə çağırıb, Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Azərbaycan Prezidentinin imzaladığı sərəncamlardan söz açıb. Gəncləri tariximizə sahib çıxmağa, onu yaşatmağa səsləyib.
Daha sonra “Vətən uzaqda deyil” video çarxı, Diasporla İş üzrə Dövlət Komitəsinin “Strateji Yol Xəritəsi”nin, Diaspor Gənclərinin I Yay Düşərgəsinin videoçarxları nümayiş olunub.
Tədbir mədəni proqramla davam edib.
Qeyd edək ki, Diaspor Gənclərinin I Yay düşərgəsi boyunca diaspor gəncləri üçün peşəkar mütəxəssislərin iştirakı ilə “Mənim dilim” təliminin, “Vətəni tanı” adı altında viktorina və yarışların keçirilməsi nəzərdə tutulur.
Düşərgədə ekspertlərin iştirakı ilə gənclər siyasəti, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətlərarası dialoq, diasporun inkişafı, mədəni maarifçilik irsi, idman, diaspor mövzusu mediada və s. kimi mövzularda müzakirələrin təşkili nəzərdə tutulur.