Beynəlxalq Miqrasiya Təşkilatının İtaliyadakı missiyası Azərbaycanla əməkdaşlıqda maraqlıdır

19 may 2019

Mayın 17-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin İtaliyada səfərdə olan nümayəndə heyətinin Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) bu ölkədəki missiyası ilə görüşü keçirilib.

Görüşdə nümayəndəliyin direktoru Federiko Soda, layihə meneceri Sandra Paola Alvarez, Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev, Avropa ölkələri, Amerika və İsrail şöbəsinin müdir müavini Elxan Səmədov, Azərbaycanın İtaliyadakı səfirliyinin nümayəndəsi Elmar Bağırov iştirak ediblər.

F.Quliyev IOM-un Azərbaycanda göstərdiyi fəaliyyəti, Dağliq Qarabağ münaqişəsi nəticəsində ölkəmizdə 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu xatırladıb. Hazırda miqrasiya məsələsinin dünyada aktual problemə çevrildiyini vurğulayan F.Quliyev bildirib ki, ölkəmiz bu sahədə malik olduğu təcrübəni IOM-la bölüşməyə hazırdır.

Sədr müavini deyib ki, hazırda yüzlərlə azərbaycanlı gənc İtaliyanın müxtəlif şəhərlərində təhsil alır və ümumiyyətlə, dünyada böyük Azərbaycan diasporu formalaşıb. O, qeyd edib ki, Azərbaycanda diaspor məsələsinə dövlət səviyyəsində xüsusü diqqət ayrılır. 2002-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb. Prezident İlham Əliyevin diaspora göstərdiyi diqqət və qaygı nəticəsində isə komitə xarıcdəki azərbaycanlı icmalarla sıx görüşlər keçirir, onların yaşadıqları ölkələrdə üzləşdikləri problemləri həll etməyə çalışır.

Federiko Soda Azərbaycanın Avropaya inteqrasiyasını diqqətlə izlədiklərini və ölkəmizin inkişafı ilə bağlı prosesləri yüksək qiymətləndirdiklərini bildirib. O, Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasını dünyada bir ilk kimi dəyərləndirib. F.Soda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Miqrasiya Xidməti ilə əməkdaşlıq etmək istədiklərini bildirib.

Sonda xatirə şəkilləri çəkilib.

Xatırladaq ki, 1996-cı ildə Azərbaycanda fəaliyyətə başlayan IOM-un Bakı, Mingəçevir və Naxçıvanda ofisləri olub. 1999-cu il dekabrın 8-də IOM və Azərbaycan Respublikası arasında miqrasiya məsələlərinin həll olunması ilə bağlı saziş imzalanıb.