Türkiyənin Manisa şəhərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və Türk dünyası” mövzusunda konfrans keçirilib.
Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin İdarə Heyətinin sədri Yalçın Taşdəmir qonaqları salamlayaraq, konfransın iki qardaş ölkə arasındakı qardaşlıq körpülərinin daha da möhkəmlənməsinə xidmət edəcəyini qeyd edib. O, H.Əliyevin ictimai-siyasi fəaliyyəti, Azərbaycan xalqı və Türk dünyası qarşısındakı xidmətlərindən danışıb. Türk dünyasının iki böyük liderinin − Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamlarnı xatırladıb. Y.Taşdəmir qeyd edib ki, bu böyük şəxsiyyətlər Azərbaycan-Türkiyə münasibətlərinə böyük önəm veriblər.
Y.Taşdəmir deyib ki, Azərbaycan və Türkiyə münasibətlərini ən dəqiq ifadə edən söz ''qardaş'dır: “Türkiyə və Azərbaycanın dostluğu bu günün yox, əsrlərin dostluğudur”.
Konfransda tarixin müxtəlif ağır dönəmlərində iki qardaş xalqın bir-birləri üçün göstərdikləri fədakarlıq və dəstəkdən danışılıb.
Tədbirdə Manisanın tanınmış elm xadimləri Ulviyye Aydın, Kamil Şirin, Yunus Əmrə Bələdiyyəsinin sədr müavini Şavər Yüksəl, Manisa Təhsil İdarəsinin müdir müavini Mehmet Kanca, “Loğman” Hekim Liseyinin müdiri Ali Dağdələn, şagird və müəllim kollektivi iştirak ediblər.