Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə "Aytmatov - İmperiyanın son yazıçısı" kitabı Azərbaycan dilinə tərcümə edilib. Əsərin müəllifi Osmonakun İbraimovdur.
O.İbraimov 5 yanvar 1954-cü ildə Oş vilayətinin Kara-Kulca rayonunun Alayku kəndində anadan olub. İxtisasca filoloqdur (rus dili və ədəbiyyatı), elmi maraqları çərçivəsində sovet dövrünün qırğız ədəbiyyatı tarixi, nəzəriyyəsi və tənqidi ilə məşğuldur. Elmlər doktoru (1992), professordur (1994). Şanxayın beynəlxalq münasibətlər universitetinin fəxri doktorudur (2008). Esseist, publisist və görkəmli qırğız təndiqçilərinindən biri kimi tanınır. “Ədəbi klassikanın müasir həyatı”, "Baxış", həmçinin "Tarix və Poeziya" monoqrafiyası kimi ədəbi tənqid kitabları nəşr edilib. O.İbrahimov “XX əsrin qırğız ədəbiyyatı tarixi” (2 cilddə), “Qırğız poeziyasının tarixi”, “Çingiz Aytmatov” (Görkəmli şəxsiyyətlərin həyatı seriyasından), “Aytmatov - İmperiyanın son yazıçısı” və s. kitablarının da müəllifidir. O, tarixi mütəfəkkir və siyasi analitik kimi fəal çıxışlar edir, qırğız siyasi tarixi haqqında olan “Tarixin sınağı” (Moskvada dərc edilmiş), "Qırğız Odisseyası: imperiyadan əvvəl və sonra" kitabları bunun sübutudur. Müəllifin bir sıra yazıları ingils, çin, türk dillərinə tərcümə edilib. QR-nın Fövqəladə və Səlahiyyətli Səfiri diplomatik dərəcəsi var. "Manas" ordeni ilə mükafatlandırılıb. O. İbrahimov görkəmli dövlət xadimi, müstəqil Qırğızıstanın ilkin nəsil siyasətçilərindəndir. Baş nazirin müavini (1993-1996), QR-nın Hindistanda, Banqladeşdə, Şri-lankada və Nepalda (1996-1999) səfiri olub. Qırğızıstan Respublikasının dövlət katibi vəzifəsində çalışıb (2000-2005). Əsərlərini qırğız və rus dillərində yazır.
Əsəri rus dilindən Azərbaycan dilinə Azərbaycan Yazıçılar Birliyinin üzvü Günel Xəzəl tərcümə edib.
Türkdilli dövlətlərin siyasətinə dəstək fondu hesab edir ki, kitabın Azərbaycan dilinə tərcüməsi Qırğızıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafında böyük rol oynayacaq. Qeyd edək ki, bu, fondun tərcümə edib, nəşr etdirdiyi 113-cü kitabıdır. Xatırladaq ki, fond öz ənənəsinə sadiq qalaraq kitabı pulsuz yaymağı planlaşdırır.