Zəmanəmizin görkəmli dövlət və siyası xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Tallinndə tədbir keçirilib.
Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələrinin və "Aydan" həftəsonu məktəbinin müəllim və şagirdlərinin qatıldıqları tədbir Bakının və Tallinnin Suraxanı və Kristiyne rayonları arasında dostluğunun rəmzi olaraq salınmış parkda keçirilib.
Tarixi əlaqələri özündə əks etdirən bu parkın girişində qurulmuş lövhədə ümummilli lider Heydər Əliyevlə Estoniyanın sabiq Prezidenti Lennart Meri arasında 1995-ci ildə Nyu-York şəhərində keçirilmiş görüşün fotoşəkli, Azərbaycan, eston və ingilis dillərində Azərbaycan Respublikası, o cümlədən Bakı haqqında məlumatlar yerləşdirilib.
Milli geyimli şagirdlər əllərində Azərbaycanın dövlət bayraqlarını və 96 rəqəmini əks etdirən şarlar tutublar. Onlar Heydər Əliyevin şəklinin olduğu lövhənin önündə güllər əkiblər.
Daha sonra tədbir iştirakçıları Azərbaycanın Estoniyadakı səfirliyinə gedərək, Heydər Əliyevin buradakı barelyefinin önünə gül dəstələri düzüblər.