Mayın 10-da Kiyevdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-çı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Ukrayna Azərbaycanlıları Radası (UAR) dövrümüzün görkəmli siyasi xadimi Heydər Əliyevin Kiyev şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Abidə önündə çıxışı zamanı Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev bildirib ki, Ukrayna-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişaf etməsi üçün Ümummilli lider Heydər Əliyev misilsiz xidmətlər göstərib. O, qeyd edib ki, iki dövlət arasında münasibətlərin indiki səviyyəyə çatması illər öncə atılmış müdrik və hərtərəfli düşünülmüş siyasətin nəticəsidir.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bu ölkədə diasporumuzun formalaşmasında Heydər Əliyevin mühüm xidmətlərinin olduğuna diqqəti cəlb edib. Hikmət Cavadov deyib ki, hələ illər öncə Heydər Əliyevin Ukraynaya səfərləri zamanı bu ölkədə yaşayan azərbaycanlılarla keçirdiyi görüşlər diaspor hərəkatının təməlini qoyub: “Sağlam təməllər üzərində qurulan bu hərəkat Ümummilli liderdən sonra onun layiqli davamçısı Prezident İlham Əliyevin səyləri nəticəsində davam etdirilir. Diasporun güclənməsini hədəfləyən bu siyasət əsasının qoyulduğu kimi də inkişaf etdirilir. Heydər Əliyev böyük siyasətçi idi və hər zaman yaddaşlarda elə də qalacaq”.
Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin qeyd edib ki, Heydər Əliyevin əziz xatirəsi təkcə Azərbaycanda deyil, həm də Ukraynada da uca tutulur: “Heydər Əliyevin Ukrayna ilə qurduğu münasibətlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Məhz onun xidmətləri sayəsində, indi hər iki dövlət öz güclü dostluq əlaqələrini davam etdirməkdə maraqlıdır”.
Ümumukrayna Azərbaycanlıları Gənclər Təşkilatının sədri Damət Əsgərov həm Ukraynada doğulub, boya başa çatan, həm də müxtəlif səbəblərdən bu ölkədə yaşayan azərbaycanlı gənclərin Heydər Əliyev irsini öyrənməkdə maraqlı olduqlarını vurğulayıb: “Heydər Əliyev hər zaman gənclərə dəyər verib. Onun gənc nəslə göstərdiyi diqqət və qayğı misilsiz olub. Ona görə də gənclərimiz Heydər Əliyevin siyasi kursuna böyük önəm verir və daim dəstəkləyirlər”.