Diasporla İş üzrə Dövlət Komitəsində qürdətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir təşkil edilib. Tədbirdə çıxış edən Komitə sədri Fuad Muradov Ulu Öndərin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində, eyni zamanda Azərbaycan diasporunun formalaşmasındakı əvəzsiz xidmətlərindən danışıb. O bildirib ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq tarixi dövrdə ölkəmizin iqtisadi tərəqqisi yüksək həddə çatıb, Azərbaycan keçmiş ittifaq miqyasında nüfuz qazanıb, beynəlxalq səviyyədə tanınıb.
Tədbirdə qeyd olunub ki, "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən azərbaycanlıyam" deyən ümummilli lider yürütdüyü siyasətlə dünya azərbaycanlılarının liderinə çevrilib.
Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən azərbaycançılıq ideologiyası da məhz Ulu Öndərin əvəzolunmaz xidmətidir.
Natiqlər bildiriblər ki, Heydər Əliyev Azərbaycan diasporunun formalaşması və təşkilatlanmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini daim diqqətdə saxlayıb. O, xarici siyasətin strateji hədəflərini müəyyənləşdirərkən, müasir dövrdə hər bir dövlətin qüdrətinin yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçüldüyünü əsas götürüb.
Azərbaycanın milli bayramları sırasında bir möhtəşəm tarixin – “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nün də yer alması məhz dahi şəxsiyyətin böyük siyasi kursunun məntiqi nəticəsidir.
Qeyd olunub ki, Heydər Əliyevin dünya azərbaycanlılarını birləşdirmək ideyası bu gün də uğurla davam etdirilir.
Tədbirdə Heydər Əliyev Fondunun xətti ilə xaricdə yaşayan soydaşlarımızı əhatə edən yüzlərlə layihənin həyata keçirildiyi, minlərlə parlaq ideyanın reallaşdığı diqqətə çatdırılıb.
Tədbirdə Milli Məclisin deputatları Ülvi Quliyev, Elşad Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatının sədri Ruslan Quliyev çıxış ediblər.
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbirdə onun həyat və fəaliyyətini əks etdirən maraqlı film nümayiş olunub, fotosərgi təşkil edilib.