Mayın 10-da Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Dərbənd filialında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri Dərbənddəki Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli açıb. O, Rusiya, Azərbaycan və Dağıstanın dostluq münasibətlərinin inkişafı üçün əvəzsiz xidmətlər göstərmiş Heydər Əliyevin keçdiyi həyat yolundan, eləcə də onun Dağıstanın ictimai-siyasi və dövlət xadimi olan Səid Qurbanovla şəxsi dostluğundan danışıb.
Şəhərin Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov, “Dədə Qorqud” Xeyriyyə Fondunun sədri Rafiq Mövsümov, "Dərbənd şəhəri" şəhər dairəsinin Deputatlar Məclisinin üzvü Polad Namətullayev, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Dərbənd filialının direktor müavini Təranə Abbasova, ağır atletika üzrə dünya çempionu Abı Cavadov çıxış edərək bildiriblər ki, Heydər Əliyev sovet dövrünün görkəmli nümayəndəsi və Azərbaycan xalqının tanınmış lideridir. Azərbaycanın sülhə, sabitliyə, dövlətçilik ənənələrinə söykənmiş siyasi kursu birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Ona görə də Heydər Əliyev tamamilə haqlı olaraq müasir Azərbaycan dövlətinin banisi hesab edilir.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Dram Teatrının artistləri Heydər Əliyevə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.
Tədbirdən sonra Ümummilli lider Heydər Əliyevin Dərbənddəki abidəsi ziyarət edilib.