Ukraynanın Nikolayev vilayətinin Berezansk rayonunda II Dünya Müharibəsinin qələbə ilə başa çatmasının 74-cü ildönümü münasibətilə tədbir keçirilib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayəti nümayəndəliyinin və H.Əliyev adına Azərbaycan mədəniyyəti elmi-mədəni mərkəzinin təşkil etdiyi tədbirdə burada yaşayan soydaşlarımız, diaspor rəhbərləri, Berezansk rayon administrasiyasının nümayəndələri, müharibə veteranları, vətəndaş cəmiyyətinin təmsilçiləri, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Aqil Əsədov və diaspor.info saytının baş redaktoru Əlmaniz Ələkbərli iştirak ediblər.
Ukrayna və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsilə başlayan tədbirdə II Dünya Müharibəsi qurbanlarının və Şusanın işğalı zamanı həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayəti üzrə nümayəndəliyinin rəhbəri Yunis Alıyev çıxış edərək, Ukrayna və Azərbaycan xalqlarının cəbhədə göstərdiyi qəhrəmanlıqlardan danışıb. Y.Alıyev xatırladıb ki, azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyası Nikolayev vilayətinin faşistlərdən azad edilməsi zamanı əsl şücaət göstərib və müharibə qurbanlarının xatirəsinə ucaldılan abidə də bunun bariz nümunəsidir.
Ehtiyyatda olan polkovnik N.N.Qorbatenko, Nikolayev şəhər meriyasının milli məsələlər üzrə mütəxəssisi Anar Axundov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayət nümayəndəliyinin təmsilçisi Anar Ağayev, diaspor fəalı Şamil İsmayılov və digərləri çıxış edərək müharibənin dəhşətlərindən, Ukrayna və Azərbaycan xalqlarının döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıblar.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Aqil Əsədov bildirib ki, Ukrayna və Azərbaycan xalqlarının dostluğu qədim tarixə söykənir. O, 416-cı Taqanroq diviziyasının döyüş yolundan qısa məlumat verib, müharibədə milyonlarla ukraynalının, 600 mindən çox azərbaycanlının həyat və sağlamlıqlarını itirdiklərini xatırladıb. A.Əsədov qeyd edib ki, Azərbaycanda hər il müharibə qurbanları hörmət və ehtiramla anılır, ölkə başçısının sərəncamı ilə müharibə veteranlarına birdəfəlik yardımlar edilir. O, soydaşlarımız tərəfindən müharibə qurbanlarının xatirəsinə abidə ucaldılmasının və tədbirin təşkil edilməsinin əhəmiyyətini vurğulayıb, bütün bunların Ukrayna-Azərbaycan dostluğuna bir nümunə olduğunu bildirib.
Mərasim iştirakçıları müharibə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər. Tədbir şahinlərin yüksək pilotaj nümayiş etdirməsi və hərbçilərin nümunəvi çıxışları ilə davam etdirilib.