Erməni separatçılarının maraqlarına xidmət edən qruplar Birləşmiş Ştatların Minnesota Senatına qondarma "Artsax Respublikası"nı tanınmasına və mayın 5-i tarixinin “Respublika günü” kimi elan edilməsinə çağıran qanun layihəsi təqdim ediblər.
Bu barədə xəbəri Amerika Azərbaycanlıları Şəbəkəsi (AAŞ) yayıb.
AAŞ ehtimal edir ki, isğalçı Ermənistanın Azərbaycanın ərazisində qurduğu qeyri-qanuni "Artsax Respublikası"nın tanıdılmasına dair qanun layihəsini etnik erməni lobbiçiləri hazırlayıblar. Onlar senatorlar Kiffmeyer, Pappas, Conson, Tomassoni və Abelerin vasitəsilə SF 2864 qanun layihəsini Senata təqdim etməklə, qanunvericiləri yalnış istiqamətə yönəltməyə çalışırlar. Halbuki, qeyri-qanuni rejimin tanınması fikrini nə federal hökumət, nə də bütovlükdə Amerika xalqı dəstəkləyir. Artıq qanun layihəsi Dövlət Hökumətinin Maliyyə, Siyasət və Seçkilər idarəsinə təqdim olunub.
Amerika Azərbaycanlıları Şəbəkəsi bu ölkədə yaşayan soydaşlarımızı fəal olmağa, məktub kampaniyası vasitəsilə seçkili vəzifələr tutan məmurları Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq hüquq barədə ətraflı məlumatlandırmağa, bu qanun layihəsinin rədd edilməsini xahiş etməyə çağırıb.