Mayın 3-də Macarıstanın Dunayvaroş Universitetində “Azərbaycan Kitab Guşəsi” layihəsinin rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə Universitetin professor-müəllim heyəti və tələbələri, layihənin müəllifi və Azərbaycan Macarıstan Gənclər Birliyinin (AHYU) idarə heyətinin üzvü Murad Aslanlı, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev iştirak ediblər.
AHYU və Azərbaycanın Macarıstandakı səfirliyinin birgə təşəbbüsü ilə ərsəyə gələn layihə çərçivəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Texniki və Bakı Mühəndislik Universitetlərinin göndərdiyi 200-yə yaxın tədris vəsaiti və digər kitablar Dunayvaroş Universitetinin kitabxanasına hədiyyə edilib. Həmin dərslik və kitabların müəllifləri azərbaycanlılardır. Müxtəlif sahələri əhatə edən bu vəsaitlər Azərbaycan və xarici dillərdə nəşr olunub. Guşədə, həmçinin, Azərbaycan folkloruna, mədəniyyətinə, Qarabağ həqiqətlərinə dair kitablara da yer verilib.
Qonaqları salamlayan Universitet rəhbərliyi bu addımı böyük məmnuniyyətlə qarşıladıqlarını bildirib və Azərbaycana minnətdarlıqlarını ifadə edib.
Səfir Vilayət Quliyev layihənin əhəmiyyətini vurğulayıb və bu ölkənin bir Universitetinin kitabxanasında ilk dəfə “Azərbaycan Guşəsi”nin yaradılmasından sevinc hissi keçirdiklərini bildirib. O, qeyd edib ki, layihə iki ölkənin universitetləri arasında birgə əməkdaşlığın gücləndirilməsi istiqamətində bariz nümunə olacaq.
AHYU-nun nümayəndəsi Murad Aslanlı təmsil etdiyi təşkilatın fəaliyyəti və təqdim etdikləri layihə barədə qonaqlara ətraflı məlumat verib.
Sonda Dunayvaroş Universiteti ilə Azərbaycanın Macarıstandakı Səfirliyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
Tədbir xatirə şəkli çəkdirilməsi ilə yekunlaşıb.