“Azərbaycan Diaspor Könüllüləri” proqramında iştirak etmək üçün qeydiyyatdan keçmiş gənclər arasında seçim başlayıb. Bu məqsədlə proqramda iştirak üçün müraciət edən gənclər hissə-hissə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə dəvət edilir. Dövlət Komitəsinin əməkdaşı, könüllülərlə işin təşkilinə məsul şəxs Bəxtiyar Rəhimovun verdiyi məlumata görə, müraciət edənlərin çoxluğunu nəzərə alaraq, gənclər, soyadlarına görə əlifba sırasına uyğun olaraq, 50-60 nəfərdən ibarət ayrı-ayrı qruplar şəklində Dövlət Komitəsinə dəvət edilir.
Komitənin struktur rəhbərlərinin iştirakı ilə ilkin tanışlıq əsasında, gənclərə əvvəlcədən tərtib edilmiş müvafiq blanklar paylanılır. Hər bir gənc proqramda iştirakla bağlı məqsədini, arzu və istəklərini orada qısaca əks etdirir. Bunun əsasında isə, müvafiq seçimlər aparılacaqdır.
Komitə əməkdaşının sözlərinə görə: “Azərbaycan Diaspor Könüllüləri” proqramında könüllülərin belə seçimləri ilk dəfədir və bu da müraciət edənlərin kütləviliyi ilə bağlıdır. Ümumilikdə, biz çalışacağıq ki, müraciət edən heç bir gənc diqqətdən kənarda qalmasın. Ayrı-ayrı layihələrdə, tədbirlərdə biz gənclərlə intensiv əməkdaşlıq edəcəyik.