Ötən həftə Rusiyanın Novosibirsk Dövlət Universitetində (NDU) “İnterhəftə” (“İnternedelya”) Beynəlxalq Tələbə Gənclər Forumu keçirilib.
Forumda 28 ölkənin təmsilçiləri iştirak ediblər. NDU-nun tarixində ilk dəfə olaraq azərbaycanlı tələbələr də foruma qatılıblar.
Forum “April tea” çay dəstgahı mərasimi və “səslərin kainatı: Rusiyadan sevgi ilə” adlı konsertlə açıq elan edilib.
Forum zamanı “Beynəlmiləl Arbat” adlandırılan milli şəhərçiklərdə tələbələr Azərbaycan, Qırğızıstan, Yaponiya, Böyük Britaniya, İtaliya, Fransa, Çin, Kolumbiya, İspaniya, Hindistan, Suriya, Koreya və İranın milli mədəniyyətini və adət-ənənələrini əks etdirən nümunələri nümayiş etdiriblər. Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş şəhərcikdə ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini, mətbəxini əks etdirən kitablar, xalçalar, şirniyyatlar və sair nümunələr qonaqlarda böyük maraq doğurub.
Forumun bədii hissəsi zamanı səhnəyə Azərbaycan bayraqları ilə çıxan gənclərimiz xalq, bəstəkar mahnılarını və milli rəqslərimizi ifa ediblər.
Qeyd edək ki, NDU-da “İnterhəftə” Beynəlxalq Tələbə Gənclər Forumu 70-ci illərin sonlarından etibarən keçirilir.