Niderland Krallığının müxtəlif şəhərlərində II Dünya Müharibəsinin qələbə ilə başa çatmasının 74 illiyi münasibətilə müxtəlif silsilə tədbirlər keçirilib. Bu, Avropa Azərbaycanlılar Konqresi (AAK), Benilüks Azərbaycanlılar Konqresi (BAK) və Diasaporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi əsasında baş tutub.
Mayın 4-də Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun (Medo) Osterveyk şəhərində anım günü qeyd olunub. Şəhər meriyasında keçirilən tədbirdə mer Hans Janssen, Avropa Parlamentinin Niderlanddan olan deputatı Lambert van Nistelrooij, milli qəhrəmanın qızı Nancy Doomen-Mamedov və ailə üzvləri, Azərbaycanın Niderlanddakı səfirliyinin müvəqqəti işlər vəkili Cəlal Mirzəyev, Azərbaycanın Belçikadakı səfirliyinin diplomatı Elçin Bəşirov, Azərbaycanın NATO-dakı nümayəndəliyinin əməkdaşı Anar Mütəllimov, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Fuad İsmayılzadə, Azərbaycan icmalarının rəhbərləri, Azərbaycan və Niderlandın KİV təmsilçiləri iştirak ediblər.
“Medo Niderlanddadır” sənədli filminin nümayişilə başlayan tədbirdə Osterveyk şəhərinin meri Hans Janssen, Avropa Parlamentinin üzvü Lambert van Nistelrooij, Azərbaycanın Niderlanddakı səfirliyinin müvəqqəti işlər vəkili Cəlal Mirzəyev, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov çıxış edərək, Medonun keçdiyi həyat yolundan, onun müqavimət hərəkatındakı fəaliyyətindən bəhs ediblər.
Fuad İsmayılzadə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun salamlarını çatdıraraq, onun tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub.
Daha sonra tədbir Məmməd Məmmədovun şərəfinə ucaldılmış monumentin önündə və onun adına verilmiş “Mamedovpad” küçəsində davam etdirilib. Niderlandın Bayraqdarlar Gildiyası “Kral naminə” və “Məmmədov naminə” şüarları ilə milli qəhrəman Məmməd Məmmədovun xatirəsini yad ediblər.
Mayın 5-də isə AAK və BAK təmsilçiləri Amersfoort şəhərindəki Qardaşlıq məzarlğını ziyarət ediblər. Bu məzarlıqda II Dünya müharibəsində həlak olmuş 22 azərbaycanlı dəfn edilib. Diaspora üzvləri həmvətənlərimizin qəbirləri üzərinə çiçək dəstələri düzmüş, onların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Tədbirdə Azərbaycanın Haaqadakı səfirliyinin müvəqqəti işlər vəkili Çəlal Mirzəyev, Diasporla İÇ üzrə Dövlət Komitəsinin nümayəndəsi Fuad İsmayılzadə iştirak ediblər.
Tədbirlər haqqında məlumatlar yerli KİV-lərdə işıqlandırılıb.