Şəki şəhərində təşkil edilən “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsinin ikinci günü bütünlüklə vətənpərvərlik mövzusuna həsr edilib. Günün birinci yarısında layihənin təqdimatını edən Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli çıxış edərək düşərgənin məqsədi, proqramı haqqında geniş məlumat verib. O, eyni zamanda, bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğal günü olduğunu vurğulayıb. Görüşdə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışının sonunda D.Rəcəbli bütün iştirakçılara xoş istirahət və uğurlar arzulayıb.
Layihənin rəhbəri Aytən Əliyeva isə bildirb ki, sabah Diaspor Gənclərinin I Yay Düşərgəsinin rəsmi açılış mərasimi olacaq. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin rəsmiləri, Milli Məclisin deputatları və digər qurumların nümayəndələrinin iştirakı nəzərdə tutulub. A. Əliyeva onu da bildirib ki, yay düşərgəsi növbəti günlərdə “Azərbaycan diasporu: Mövcud vəziyyət və perspektivlər”, “Azərbaycan diasporunun fəaliyyətində medianın rolu” və digər mövzularda sessiyalarla davam edəcək.
Daha sonra iştirakçılar arasında “Vətəni tanı” mövzusunda viktorina keçirilib. Bu gün həmçinin, “Xocalıya ədalət” kampaniyasının təqdimatından sonra düşərgə iştirakçıları Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş gənclərlə, aprel döyüşlərinin qaziləri ilə görüşüb, “Sonsuz dəhliz” filminə baxıblar.
Qeyd edək ki, “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilir. 37 ölkədən 140 azərbaycanlı gəncin iştirak etdiyi düşərgə avqustun 28-dək davam edəcək.