Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində “Azərbaycan Bayrağı” ordenli keçmiş döyüşçü İbad Hüseynovla görüşlər keçirilib.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən ilk görüş zamanı bu təşkilatın rəhbəri Samir Abbasov bildirib ki, İ.Hüseynovu qardaş ölkədə salamlamaqdan məmnunluq duyur. O, qeyd edib ki, baş tutan maraqlı layihələrdən biri də bu cəsur kəşfiyyatçının qəhrəmanlığı haqqında yazılmış kitabların, jurnalların sərgisinin keçirilməsi olub.
Səmərqənd Dövlət Universitetinin rəhbərliyi, professor və tələbə heyəti ilə görüşü zamanı İ.Hüseynov deyib ki, Türküstan elində, Əmir Teymurun vətənində olmasından qürur duyur. Tədbirdə tarixçi-tədqiqatçl Şöhrət Barlas, Milli Elmlər Akademiyasının böyük elmi işçisi Rizvan Hüseynov və başqaları çıxış ediblər.
Daha sonra İ.Hüseynovun Azərbaycan Milli Mədəniyyət Mərkəzində diaspor üzvlərilə görüşü olub. Mərkəzin rəhbəri Firdovsi Hüseynov bildirib ki, keçmiş kəşfiyyatçı Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlər zamanı şücaət göstərib və əsgərlərimiz üçün vətənpərvərlik nümunəsinə çevrilib. O, Özbəkistanda yaşayan soydaşlarımız adından Qarabağ qazisinə dərin minnətdarlığını bildirib. İ.Hüseynova təşəkkürnamə, üzərində onun təsviri olan xalça, özbək milli geyimi və digər hədiyyələr təqdim edilib.