Bakıda keçirilən “Türk dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: geosiyasi çağırışlar və perspektivlər” beynəlxalq simpoziumunun iştirakçıları Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
Görüşdə İraq Türkmən Cəbhəsinin sədri, Kərkük millət vəkili Ərşad Salihi, Ülke TV-nin baş redaktoru Hasan Öztürk, Qazi Universitetinin professoru Çetin Almas, professor Kürşad Zorlu, Anadolu Yayınçılar Dərnəyinin sədri Sinan Burhan, Kərkük Mədəniyyət Mərkəzinin sədri Şəmsəddin Kuzeçı, Türk dünyası Araşdırmaları Vəqfinin rəhbəri Kösan Yazqan, Azəri-Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər iştirak edib.
Qonaqları salamlayan Komitə sədri Azərbaycanın diaspor siyasəti barədə məlumat verib, türkdilli dövlətlər və xalqlar arasında əlaqələrin möhkəmliyindən danışıb.
Səmimi qəbul üçün təşəkkürünü bildirən Ərşad Salihi qonaqlar adından çıxış edərək, xüsusilə təhsil və mədəniyyət sahəsində əməkdaşlıq imkanlarının artırılmasının vacibliyindən danışıb.
Görüşdə türk dünyasının hədəflərinin daim eyni olduğu və eyni olaraq da davam edəcəyi bildirilib.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.