Türkiyənin İstanbul şəhərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən “24 apreldən sonra erməni iddiaları” mövzusunda konfrans təşkil edilib. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, professor Aygün Attarın moderatorluğu ilə baş tutan konfransda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri və üzvləri, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli, Türkiyənin millət vəkilləri, tarixçilər və ziyalılar iştirak ediblər.
Professor Aygün Attar 1915-ci ildə Osmanlı dövlətinə daxildən və xaricdən təzyiqlərin göstərildiyini, belə bir zamanda dövlətin birliyinin qorunması naminə köçün meydana gəlməsinin zəruri hal olduğunu qeyd edib. Osmanlının bu seçiminin dövlətə qarşı çevrilən güclərin zərərsizləşdirilməsi olduğunu bildirən Aygün Attar bu köç nəticəsində yalnız ermənilər deyil, 2 milyon 500 mindən çox müsəlmanın, o cümlədən türkün də həyatını itirdiyini xatırladıb.
Konfransda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver çıxış edərək Türkiyəyə irqçi nifrət bəsləyənlərin bu fikirdən daşınmalarının və beynəlxalq məhkəmənin qərarlarına tabe olmalarının vacibliyini bildirib. A.Süver “Biz arxivlərimizi açdıq, siz də açın” çağırışının ermənilər tərəfindən cavabsız qaldığını təəssüflə qeyd edib. Natiq bildirib ki, 100 il əvvəl baş vermiş hadisələr əsassız şəkildə yenidən gündəmə gətirilir, lakin 20 il əvvəl Qarabağda baş verənlərə göz yumulur.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım isə 2005-ci ildə yol xəritəsi hazırlayaraq bu məsələnin siyasətçilərin deyil, tarixçilərin araşdırmasını təklif etdiyini bildirib. Qeyd edib ki, bizim tariximizdə qara ləkə yoxdur. Birinci Dünya müharibəsi zamanı bir gecədə mənim ailəmdən də 20 nəfər öldürüldü. Lakin ailələrimiz bizi heç vaxt kin və nifrətlə böyütmədi.
Konfransda çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli də soyqırım məsələlərinin araşdırılmasının vacibliyini qeyd edib. Eyni zamanda, aparat rəhbəri, keçmişi unutmamaqla, gələcəyə baxmağın zəruri olduğunu bildirib. Qeyd edib ki, istər qondarma erməni soyqırımı, istərsə də yaxın keçmişdə baş vermiş Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya daha tutarlı şəkildə bəyan etmək üçün birgə fəaliyyət zəruridir. Aparat rəhbəri bu istiqamətdə birgə fəaliyyətin, gücümüzü birləşdirməyin əhəmiyyətini qeyd edərək, birgə fəaliyyətlə bağlı bir sıra təkliflər də irəli sürüb. Konfrans iştirakçıları təklifləri maraqla qarşılayaraq, birgə fəaliyyətin vacib olduğunu qeyd ediblər.