Aprelin 26-da görkəmli şair Mirzə Şəfi Vazehin Gəncədəki ev-muzeyində “Şərq-Qərb şairlərinin dostluğu” mövzusunda konfrans keçirilib.
Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir Mirzə Şəfi Vazehin 225 və alman mütəfəkkiri Fridrix Martin von Bodenştedtin 200 illik yubileylərinə həsr olunub.
Konfransı giriş sözü ilə AYB-nin Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül Hüseynova açıb. O, M.Ş.Vazehin həyat və yaradıcılığı haqqında geniş məlumat verib.
Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev isə M.Ş.Vazehlə F. Bodenştedtin dostluq əlaqələrindən danışıb. O, qeyd edib ki, Almaniyada Bodenştedtin heykəli ucaldılıb və onun əlində tutduğu kitabda Mirzə Şəfi Vazehin adı yazılıb.
AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri Xanım Zahirova, Bakı Slavyan Universitetinin müəllimi Murad Muradov, AYB-nin üzvü, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Sahib İbrahimli, Əməkdar jurnalist, yazıçı-dramaturq Nüşabə Əsəd Məmmədli, şair Zahir Şirani M.Ş.Vazeh yaradıcılığının bənzərsizliyindən danışıblar.
Konfrans iştirakçıları M.Ş.Vazehin ev-muzeyilə tanış olublar və xatirə şəkli çəkdiriblər. Daha sonra onlar Şəmkirə səfər edərək, Heydər Əliyev adına Mərkəzdə ARB kanalının istehsalı olan "Almanların sağlığına" adlı sənədli filmə baxıblar.
Aprelin 27-də “Şərq-Qərb şairlərinin dostluğu” mövzusunda elmi konfrans öz işini Tbilisidə davam etdirib. Tədbir Alman-Azərbaycan Cəmiyyəti və Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Azərbaycan və Gürcüstanın əməkdar mədəniyyət işçisi Leylа Əliyeva M.Ş.Vazehin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib.
Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev şairin yubileyinə həsr olunmuş tədbirin vaxtilə onun şagirdi olmuş M.F.Axundovun adını daşıyan mərkəzdə keçirilməsini xoş təsadüf adlandırıb.
Tədbirdə “Gürcüstan Teatr Cəmiyyəti”nin sədri Giorgi Gegeçkori, Alman-Gürcüstan Cəmiyyətinin üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.