İsrailin Akko şəhərində Dağlıq Qarabağ uğrunda döyüşlərdə həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Mərasimi Akko şəhər bələdiyyəsinin Absorbsiya bölməsinin koordinatoru Təranə Abramova açaraq, yəhudi xalqının cəsur oğlu Albert Aqarunovun həyat və fəaliyyətindən danışıb.
"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman bildirib ki, Azərbaycan xalqı və dövləti erməni işğalçıları tərəfindən qətlə yetirilmiş hər bir şəhidin, o cümlədən Albert Aqarunovun xatirəsini uca tutur: “Yəhudi millətindən olan Albert Azərbaycan vətəndaşları ilə çiyin-çiyinə öz Vətəni qarşısında borcunu ödəməli olduğuna səmimiyyətlə inanırdı. Albert könüllü döyüşə yollandı. Azərbaycan dövləti ölümündən sonra Albert Aqarunovun adını əbədiləşdirdi. Ona Milli Qəhrəman adı verildi, Bakıda Albert Aqarunovun adını daşıyan küçə, məktəb var”.
Tədbirdə Albert Aqarunovun həyat və fəaliyyətinə həsr olunmuş "Mən yaşadığım torpaq" filmi nümayiş olunub. Filmin rejissoru, ssenari müəllifi, "Kanal 24" televiziya kanalının direktoru Səadət Şükürovadır.
Albert Aqarunovun əzizləri tədbir təşkilatçılarına - Akko şəhər bələdiyyəsinin əməkdaşlarıTəranə Abramovaya və Leonid Sobolevskiyə, Yeganə Salmana, Şaul Siman-Tovaya, Sevina Xanukayevava və xatirə gecəsinə qatılan hər bir qonağa təşəkkür ediblər.