Almaniyada yaşayan bəstəkar Xədicə Zeynalovanın rəhbərlik etdiyi "Bridge of Sound" ("Səsin körpüsü") ansamblının bu ölkədə iki konserti keçiriləcək.
Aprelin 28-də Wöbbel, mayın 4-də isə Bielefeld şəhərlərində baş tutacaq konsertlərdə "Bridge of Sound" ansamblı "Odlar ölkəsi Azərbaycandan"/"Vom Land des Feuers Aserbaidschan" adlı proqramla çıxış edəcək. Konsertdə Xədicə Zeynalovanın “Atəşgah”, “İmpressions”, “İki Miniatur”, “Journey to Love”, “Səma” , “Odlar ölkəsi Azərbaycandan lövhələr” və digər əsərləri səslənəcək.
Qeyd edək ki, həmvətənimiz bu konsert proqramını Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illik yubileyinə həsr edib.
Xədicə Zeynalova sənətşünaslıq üzrə fəlsəfə elmləri doktoru, musiqişünas, Almaniyanın Detmold Musiqi Akademiyasının dosentidir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan X.Zeynalovanın əsərləri Azərbaycanla yanaşı, Almaniya, Avstriya, İngiltərə, Macarıstan, Oman, Türkiyə, İtaliya, Fransa, İsveçrə, Şimali Kipr, Gürcüstan, Kanada və digər ölkələrdə uğurla ifa edilib.
O, “Bridge of Sound“ ansamblının bədii rəhbəri və „Bridge of Sound“ Cəmiyyətinin sədri kimi Azərbaycanın zəngin musiqi mədəniyyətinin Almaniyada yüksək səviyyədə təblig ediiməsinə çalışır. Məqsəd Vətənimizin alman ictimaiyyətinə yaxından tanıdılması, iki xalq arasında dostluğun daha da möhkəmləndirilməsi, Almaniyada yaşayan azərbaycanlıların və diaspor nümayəndələrinin həmrəyliyinə nail olmaqdır.