Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) aprelin 19-u İstanbulda azərbaycanlı və türkiyəli iş adamları arasında əməkdaşlıq münasibətlərinin artırılmasına həsr olunmuş tədbir keçirib.
Birliyin İdarə Heyətinin sədri Mehdi Nağıyev tədbirdəki çıxışında 2012-ci ildə 16 şirkət və iş adamının iştirakı ilə qurulan TAİB-in fəaliyyətini gücləndirmək, iki ölkənin iş adamları arasında əlaqələr qurmaq, mövcud əlaqələri daha da intensivləşdirmək, yeni investisiya layihələrinə dəstək sahəsində çalışdıqlarını qeyd edib.
O bildirib ki, 100-ə yaxın üzvü olan birliyin Türkiyənin bir çox bölgələrində də nümayəndəliklərinin açılması nəzərdə tutulub.
Azərbaycanın Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim hər iki ölkənin iş adamlarına dəstək verməyə hər zaman hazır olduqlarını və əlaqələrin gücləndirilməsinə köməklərini əsirgəməyəcəklərini bildirib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın hər zaman Türkiyənin, Türkiyənin isə Azərbaycanın yanında olduğunu vurğulayıb, iki ölkənin dövlət başçılarının bu yöndə böyük işlər gördüyünü xatırladıb.
Türkiyə Cümhurbaşqanlığının Maliyyə İdarəsinin rəhbəri Göksel Aşan iki ölkə arasında iqtisadi münasibətlərin hazırkı vəziyyətinə toxunub.
O Türkiyədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişinə cəhd zamanı Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə göstərdiyi güclü dəstəyi də xatırladaraq bunu yüksək qiymətləndirib.
Göksel Aşan Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarına hər cür dəstək göstərilməsinə hazır olduqlarını vurğulayıb.
Türkiyə Böyük Millət Məclisinin İstanbuldan olan üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım iki qardaş ölkənin əlaqələrinin möhkəmliyindən danışıb, dövlət başçıları arasındakı qardaşlıq münasibətlərinin azərbaycanlı və türkiyəli iş adamlarına geniş imkanlar yaratdlğını bildirib.
TAİB üzvlərinə sertifikatların təqdim edildiyi tədbir bədii hissə ilə yekunlaşıb.