Aprelin 13-də Diasporla İş üzrə Dövlət Komitəsinin Həmkarlar İttifaqı üzvlərindən ibarət komanda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Nə? Harada? Nə zaman?” turnirində iştirak edib.
Yarış Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin İntellektual Oyunlar Federasiyasının dəstəyi ilə keçirilib. Üç saat davam edən turnirdə 32 komanda yarışıb.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Həmkarlar İttifaqının kollektivi əməkdaşların əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, onların və ailə üzvlərinin sağlamlıqlarının qorunması istiqamətində fəaliyyət göstərir. Komitənin Həmkarlar İttifaqı, eyni zamanda Azərbaycan tarixində əlamətdar günlərlə bağlı müxtəlif xarakterli tədbirlər təşkil edir.
Ötən dövrdə Komitənin Həmkarlar İttifaqının əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Şağan qəsəbəsindəki 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evini, Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzini ziyarət edib.