Kiyevdə yeni yaradılmış Ukrayna Azərbaycanlıları Radasının (UAR) təsis qurultayı keçirilib. Qurultaydan əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov və qurultay iştirakçıları ümumilli lider Heydər Əliyev adına Parkda ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Ukrayna və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə başlayan təsis qurultayında Ukrayna Ali Radasının deputatları, Mədəniyyət Nazirliyinin məsul şəxsləri, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və ölkənin ictimai-siyasi xadimləri iştirak ediblər.
Qurultayda çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov diaspor təşkilatlarının birliyindən söz açaraq deyib ki, bir çox ölkələrdə bu birliyinə nail olunub. Artıq, soydaşlarımızın təşəbbüsü ilə Almaniya, Fransa, İsveçrə, Finlandiya, Hollandiya və Belçikada həmvətnlərimiz koordinasiya şuralarında birləşiblər: “Bu ölkələrdə yaşayan soydaşlarımız birgə fəaliyyət göstərirlər, birgə layihələr həyata keçirirlər. Bunlar Azərbaycan diasporu tarixində bir ilk oldu”.
O, Ukrayna Azərbaycanlıları Radasının da bir çox uğurlara imza atacağına əminliyini ifadə edib. Bildirib ki, Ukraynada yaşayan soydaşlarımız dünya ölkələri üçün bir nümunədir, burada güclü diaspor mövcuddur. “Ukrayna hər zaman Azərbaycanın yanında olub. Ölkə hər zaman dünya xalqlarına qucaq açıb, Azərbaycanı sülhpərvər ölkə kimi tanıyıb. Bu istiqamətdə Ukraynada yaşayan soydaşlarımızın əməyi az olmayıb. İnanıram ki, bütün soydaşlarımız siyasi və sosial mövqeyindən asılı olmayaraq Ukrayna Azərbaycanlıları Radasını öz evi kimi qəbul edəcək”, - deyə komitə sədri qeyd edib.
Dövlət Komitəsinin sədri bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, xaricdə yaşayan soydaşlarımızın birliyi, onların yaşadıqları cəmiyyətə daha yaxından inteqrasiya etməsi, Azərbaycanla əlaqələrinin gücləndirilməsi və digər istiqamətlərdə bütün mümkün olanlar edilir və gələcəkdə də davam etdiriləcək: “Burada bizim çox dəyərli, bacarıqlı, istər Azərbaycanda, istərsə də Ukrayna cəmiyyətində nüfuz sahibi olan soydaşlarımız yaşayır. Bu qurultayın əhəmiyyəti ondadır ki, belə soydaşlarımız birgə fəaliyyət göstərəcək və bu fəaliyyət daha səmərəli, daha uğurlu olacaq. Təbii ki, məqsəd yalnız bir ölkədə olan həmvətənlərimizin birliyi deyil, dünyada yaşayan soydaşlarımızın birliyinə nail olmaqdır”.
Ukrayna Ali Radasının deputatı Borislav Beryoza ölkəsinin çoxmillətli dövlət kimi tanındığından söz açaraq burada bütün millətlərə əlverişli şəraitin yaradıldığını qeyd edib: “Ukraynada yaşayan azərbaycanlılar da ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edirlər. Ukraynanın inkişafına öz töhfələrini verirlər. İnanıram ki, Azərbaycan diasporu yeni formatda daha böyük uğurlara imza atacaq”. O, çıxışında Ermənistan tərəfindən işğal olunan ərazilərimizin Azərbaycana qaytarılacağına əminliyini ifadə edib.
Ukrayna və Azərbaycan arasında dostluq əlaqələrindən danışan Ali Radanın digər deputatı Qeorqiy Meparaşvili deyib ki, yeni təşkilatlanma azərbaycanlıların effektli fəaliyyətinə təkan verəcək.
Ukrayna Mədəniyyət Nazirliyinin dinlər və millətlərlə iş departamentində milli azlıqlarla iş şöbəsinin müdiri Vladimir Xodakovskiy və digərləri UAR-a fəaliyyətində uğurlar arzulayıblar.
Sonra səsvermə nəticəsində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin UAR-ın həmsədrləri seçiliblər. UAR-ın baş katibi isə Seyid Qədiməliyev təyin olunub. Eyni zamanda, 3 əsas təşkilatın hər birindən 5 nəfər olmaqla İdarə Heyətinə üzvlər seçilib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Tədbirin rəsmi hissəsinin sonunda Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib, diapor üzvlərinin bununla sualları cavablandırıb, geniş müzakirə aparılıb.
Ukrayna Azərbaycanlılarının Radasının təsis qurultayından sonra tədbirə və Nəsiminin 650 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.