Aprelin 9-da Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində bu qurumun, Azərbaycan Diasporuna Dəstək Fondunun və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqramı Koordinasiya Ofisinin nümayəndə heyəti arasında görüş keçirilib. Görüş zamanı Azərbaycan Diasporunun dəstəklənməsinə dair əməkdaşlığın istiqamətləri müzakirə olunub. Qurumlar arasında əməkdaşlıq üçün konkret sahələrin müəyyən edilməsi və Memorandumun imzalanması razılaşdırılıb. Bundan sonrakı əlaqələrin işçi qrupları səviyyəsində davam etdirilməsi qərara alınıb.
Xatırladaq ki, TİKA 1992-ci ildə Türkiyə Xarici İşlər Nazirliyinin nəzdində xarici yardımların göstərilməsi məqsədilə yaradılıb. 28 may 1999-cu il tarixindən etibarən Türkiyə Cümhuriyyətinin Nazirlər Kabinetinə tabe edilib. TİKA-nın dünyanın 48 ölkəsində 50 Əməkdaşlıq Ofisi fəaliyyət göstərir. Eyni zamanda dünyanın 100-ə yaxın ölkəsində müxtəlif inkişaf mərkəzləri ilə aidiyyəti sahələr üzrə əməkdaşlıq edilir. TİKA Bakı Proqramı Koordinasiya Ofisi 1994-cü ildən etibarən Azərbaycan Respublikasında fəaliyyət göstərir. Layihələr birdəfəlik əsasda kiçik həcmli yardımlar formasında təhsil, kənd təsərrüfatı, turizm, institusional infrastrukturun inkişaf etdirilməsi, iqtisadi, texniki, sosial, mədəni və səhiyyə sahələri üzrə fəaliyyətlərdə Azərbaycanın dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlıq qurulmasına xüsusi əhəmiyyət verilir.