Men ştatında Xocalı anıldı...

Bu il martın 2-də ABŞ-ın Men ştatında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib. Tədbirdə Portland Şəhər Şurasının üzvləri - Pious Ali və Spenser Thibodeau, Əfqanıstan, İran, İraq, Konqo, Ruanda, Sudan, Bolqarıstan, Burundi, Qana, Türkiyə, Zambiya immiqrant icmaların rəhbərləri və üzvləri, eləcə də bir çox ictimai fəallar iştirak ediblər.
Mendəki Azərbaycan İcması adından qonaqlarını salamlayan Tərlan Əhmədov Xocalı soyqırımı haqda məlumat verib. Tədbir Müsəvilik, Xristianlıq, Islam və Bəhai dinlərinin Müqəddəs Yazılarının oxunması, və Cavad Əlfətlavinin udda ifa etdiyi ruhani mahnısı, Heydər Əliyev Fondunun təqdim etdiyi "Xocalıya Ədalət" filminin nümayiş etdirilməsi və Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayevanın müsahibəsi ilə davam etdirilib.
Darfur soyqırımının canlı şahidi olan Elfadel Arbab tədbirdə məruzəçi kimi çıxış edərək, həyatının ağır anlarını xatırladıb, doğma şəhərinin taleyini və həmvətənlərinin kütləvi şəkildə öldürülməsilə Xocalı faciəsi arasında paralellər aparmışdır.
Anım gecəsi ehsan süfrəsilə başa çatıb.