Aprelin 2-də Kişinyovdakı Migel de Servantes adına ispan-rumın liseyində “Mədəniyyətlərarası dialoq və Azərbaycan-İspaniya-Moldova əlaqələri” adlı tədbir keçirilıb.
Tədbir Mahir Qurbanov və Mətanət Qarabağlının liseylə birgə əməkdaşlığı əsasında baş tutub. Tədbirin məqsədi Azərbaycan həqiqətlərini, qədim tarixini və zəngin mədəniyyətini Moldovada yaşayan ispandilli cəmiyyətə, eləcə də ispandilli dövlətlərin bu ölkədə akkreditə olmuş diplomatik nümayəndəliklərinə ispan dilində çatdırmaq və Vətənimizi təmsil etmək olub.
Azərbaycan və Moldova Respublikalarının dövlət himnlərilə başlayan tədbirdə çıxış edən Migel de Servantes adına ispan-rumın liseyinin direktoru Rodica Postu iki ölkə arasında dostluq əlaqələri barədə danışıb.
Azərbaycanı təmsil edən layihə rəhbəri Mahir Qurbanov Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan naminə gördüyü işlər, Qarabağ həqiqətləri və Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi-sosial islahatlar haqqında ətraflı çıxış edib.
Layihə koordinatoru Mətanət Qarabağlı isə diqqəti Azərbaycanda inkişaf etməkdə olan turizm, təhsil, media və digər sahələrə yönəldib. O, qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi çox önəmlidir.
İspaniya-Azərbaycan əlaqələrinin inkişafından söz açan AECİD programının müəllimi Guillermo Penades Rubio İspaniyada təhsil imkanları və tələbə mübadiləsi programları haqqında məlumat verib. Migel de Servantes adına ispan-rumın liseyinin ispan dili muəllimi Leonid Coval isə deyib ki, Azərbaycan Qafqazda çox vacib ölkədir.
Daha sonra Azərbaycandan bəhs edən videoçarx nümayiş etdirilib. Azərbaycandakı Fran Rivera tədris mərkəzi və Migel de Servantes liseyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Tədbir lisey tələbələrinin konsertilə davam edib.
Aprelin 4-də Mahir Qurbanov və Mətanət Qarabağlı Moldova Parlamentində millət vəkillərilə görüşlər keçiriblər. Deputat Lilian Carp azərbaycanlı qonaqlara parlamentin fəaliyyəti barədə məlumat verib.
Onların bu ölkəyə səfəri Moldovada yaşayan həmvətənlərimizlə keçirilən görüşlə başa çatıb.