Aprelin 6-da saat 03:30-da Azərbaycanın 10 milyonuncu sakininin doğulması günün əsas xəbərlərindən biri olub. 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan xalqını və körpənin valideynlərini təbrik ediblər.
Bu xəbər dünyada yaşayan həmvətənlərimizi də ürəkdən sevindirib. Onlar bununla bağlı öz fikirlərini bölüşüblər.
Almaniyada yaşayan tanınmış Azərbaycanlı bəstəkar Arif Mirzəyev qeyd edib ki, davamlı olaraq mətbuatı izləyərək, Azərbaycan əhalisinin sayının bu rəqəmə çatacağını gözləyirdi: “Çox xoşbəxtəm ki, xalqımızın sayı 10 milyona çatıb. 10 milyonuncu azərbaycanlı körpənin sağlam və xoşbəxt olmasını diləyir, xalqımıza, dövlətimizə daim sevincli xəbərlər arzu edirəm”.
Niderland və Belçikada yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi və “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyeva bildirib ki, günə belə gözəl xəbərlə başlamaq bütün həmvətənləri kimi onu da çox sevindirdi: “Azərbaycanımız kimi füsunkar və tolerant bir ölkənin daim çiçəklənməsi lazımdır. Bunu isə onun vətəndaşları olan biz azərbaycanlılar etməliyik. Vətəndaşlarımızın sayının artması lobbiçiliyimizin güclənməsində, daha çox dünyada tanınmağımızda böyük əhəmiyyət kəsb edir. Cəmiyyət üçün faydalı insan yetişdirmək Azərbaycan anasının daim tərbiyə təkamülü olmuşdur. Bu, Vətən uğrunda Şəhid olan övladlarımızın timsalında bariz görünür. Biz azərbaycanlılar daim artmalıyıq. Arzu edirəm ki, Azərbaycanımız həmişə çiçəklənsin və əhalisinin sayı milyonları keçsin”.
ABŞ-da yaşayan azərbaycanlı, Florida Texnologiya Universitetinin professoru Pərvin Muradova-Dilbazi də əhalimizin sayının 10 milyona çatması xəbərinə ürəkdən sevinənlər arasındadır.
O, bildirib ki, bu körpənin dünyaya gəlməsi təkcə ailəsi üçün deyil, həm də bütün Respublika üçün böyük və xoş hadisədir: “Ümidvaram ki, Vətənimizin çiçəklənməsi, müqəddəs torpaqlarımızın keşiyində dayanmaq, dogma Azərbaycanımızı tərənnüm etmək üçün o, əvvəlki nəsildən estafeti qəbul edəcək, biz isə bu işdə ona kömək edəcəyik. Bir sözlə, daha bir Azərbaycan vətəndaşının doğulması münasibətilə mən Respublikamızı təbrik edirəm! Həmçinin öz amerikalı-azərbaycanlı ailəm adından bu körpənin ailəsini şəxsən təbrik etmək istərdim! Ona sağlam böyüməyi, mükəmməl təhsil almağı, Vətənimiz üçün ən yaxşı işlər görməyi arzulayıram!”.
London Azərbaycan Evinin sədri Dr.Ali Tekin Atalar bu xəbəri əlamətdar hadisə adlandırıb: “Azərbaycan xalqını 10 milyonuncu nümayəndəsinin dünyaya gəlməsi münasibətilə təbrik edirəm! Qoy bu əlamətdar hadisə ölkəmizin gündən-günə yaxşılaşan və çiçəklənən həyatında yeni bir səhifə olsun! Yenicə dünyaya göz açan körpəmiz bilsin ki, o azad və güclənən Azərbaycanın vətəndaşıdır və digər millətlərin uşaqları kimi bərabər hüquqlara malikdir. Ölkəmizin sürətlə inkişaf etməsi və böyüməsi, bizim kimi xaricdə vətənini sevən və onun üçün çalışan kəsləri şad edir və uğurlu gələcəyə olan inamımızı artırır. Allahdan hər bir vətəndaşımıza gözəl həyat və firavanlıq arzulayıram!”.
Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin sədri Yaşar Musayev burada yaşayan azərbaycanlıların təbrikini çatdırıb: “10 milyonuncu vətəndaşımızın dünyaya gəlməsi münasibətilə xalqımıza öz təbriklərimizi çatdırırıq. Onun sağlam böyüməsini və xoşbəxt olmasını arzulayırıq! Qoy Azərbaycançılıq ideyalarının daşıyıcısı və xalqımızın milli vətənpərvərlik ruhlu layiqli övladı olsun!”.