Türkiyənin Manisa şəhərində Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin dəstəyilə Novruz şənlikləri təşkil edilib.
Tədbirdə dərnəyin sədri Yalçın Taşdemir, Manisa Şahzadələr Bələdiyyəsinin sədri Ömer Faruk Çelik, Yunusəmrə Bələdiyyəsinin sədri Mehmet Çerçi, Ədalət və İnkişaf Partiyasının (AKP) Manisa millət vəkili Murat Baybatur, digər siyasi partiyaların Manisa təşkilatlarının, Manisada fəaliyyət göstərən dost dərnəklərin, eləcə də Türkiyədə fəaliyyət göstərən bir sıra Azərbaycan diaspor təşkilatlarının, ictimaiyyətin nümayədələri, soydaşlarımız və digər qonaqlar iştirak ediblər.
Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Yalçın Taşdemir və digər çıxış edənlər Novruz bayramının tarixindən, ənənələrindən danışıblar, onun Türk Dünyasınn qədim bayramlarından olmaqla yanaşı, baharın gəlişinin xəbərçisi, dostluq, qardaşlıq və sevgi bayramı olduğunu vurğulayıblar. Y.Taşdemir Şahzadələr və Yunusəmrə Bələdiyyəsinin sədrlərinə göstərdikləri dəstəyə, eləcə də bütün qonaqlara tədbirdə iştiraka görə təşəkkür edib. Y.Taşdemir dərnək haqqında məlumat verərək, 2003-cü ildən fəaliyyət gəstərdiklərini və hər il Novruz bayramını qeyd etdiklərinə diqqəti cəlb edib.
Novruz şənlikləri çərçivəsində Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin stendi təşkil olunub. Stenddə dərnəyin xanım üzvlərinin hazırladıqları səməni, Novruz şiriniyyatları, təamlar sərgilənib. Novruz xonçasından şirniyyatlar paylanıb, yumurtalar döyüşdürülüb. Xalq ozanlarının ifasında Azərbaycan və türk aşıq mahnıları səslənib, rəqs nümunələri göstərilib. Şənlik iştirakçıları Novruz tonqalı alovlandırıb və dəmir döymə ənənəsini canlandırıblar.
Sonda baharın gəlişini simvolizə edən 750 ədəd ting əkilib. Bu ərazi Novruz adlandırılıb.