Aprelin 3-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Dmanisidə olub.
Heydər Əliyev Fondunun dəstəyilə inşa olunmuş "Dmanisi təhsil mərkəzi"nin fəaliyyəti ilə tanış olan Dövlət Komitəsinin sədri burada yerli icma nümayəndələri ilə görüşüb. Tədbirdə Dmanisi rayonunun meri Giorgi Tatuaşvili, Kvemo Kartli qubernatorunun müavini Kaxa Koberidze, Dmanisi bələdiyyəsindən Gürcüstan Parlamentinin deputatı Kaxaber Okriaşvili, Dmanisi rayon merinin müavini Arif Suleymanov, Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət nazirliyinin şöbə müdiri Zviad Zviadadze, Xarici İşlər Nazirliyinin nümayəndəsi Tamar Tevdoradze, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Fuad Muradov tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdıraraq bildirib ki, dövlətimiz və onun başçısı Gürcüstandakı həmvətənlərimizə hər zaman dəstək göstərib və bundan sonra da dəstəyini davam etdirəcək. O, bildirib ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri iki dövlət arasındakı münasibətlərin inkişafına təkan verib.
Komitə sədri qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin Aparatı ilə birgə əməkdaşlıq planları hazırlanır və gələcəkdə həmin layihələr həyata keçiriləcək.
F.Muradov rəhbərlik etdiyi qurumun son zamanlar gördüyü işlər barədə ətraflı məlumat verib. O qeyd edib ki, Gürcüstana əvvəlki səfəri zamanı burada yaşayan soydaşlarımızın təhsil və bəzi sosial problemlərilə tanış olub, hazırda onların həlli üçün lazım olan bütün addımlar atılır.
Komitə sədri bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar üçün Azərbaycanın ali məktəblərində xüsusi kvota ayrılacaq və kvota üzrə universitetlərə qəbul olunacaq tələbələr ödənişsiz təhsil alacaqlar: “Kvotanın ayrılması ilə bağlı Azərbaycan hökumətinə müraciət olunub və Nazirlər Kabineti bu məsələni dəstəkləyib”.
O qeyd edib ki, xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi olaraq “Azərbaycan dili və ədəbiyyatı” dərsliyi hazırlanır, çünki bu məsələ Azərbaycandan kənarda yaşayan soydaşlarımız üçün çox vacibdir: “Dərsliyin yaxın zamanlarda təqdimatı keçiriləcək. Gürcüstan azərbaycanlıları bu dərslikdən istəsələr, onlar üçün də həmin dərsliklər göndəriləcək”.
F.Muradov əlavə edib ki, dərsliyin hazırlanmasında xarici ölkələrin təcrübəsindən istifadə olunub.
Komitə sədri Gürcüstanın Baş naziri Mamuka Baxtadze və Gürcüstanın Barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə keçirilən görüşlər barədə məlumat verərək, bu ölkədə yaşayan azərbaycanlıların inteqrasiyası istiqamətində görülən işlərdən danışıb. O, bildirib ki, Komitə tərəfindən hazırlanan və həyata keçirilən layihələrdən Gürcüstanda yaşayan soydaşlarımız da faydalana biləcəklər. F.Muradov gənclər üçün yay düşərgəsi, Marneulidə yaradılmış Gənclərin İnteqrasiya Mərkəzi və digər sosial layihələrin xüsusilə faydalı olduğunu vurğulayıb.
Dmanisi Təhsil Mərkəzinin rəhbəri Diana Qaralova bildirib ki, hazırda orada 173 şagird təhsil alır. O, mərkəzin fəaliyyətinə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna, Dmanisi rayon rəhbərliyinə və SOCAR-ın Gürcüstan Nümayəndəliyinə təşəkkürünü bildirib.
Gürcüstan parlamentinin deputatı Kaxa Okriaşvili bu ölkədə yaşayan insanların bərabərhüquqlu olduqlarını, azərbaycanlıların dostluq və qardaşlıq mühitində, dini və milli ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını qeyd edib. Xarici İşlər Nazirliyinin məsul əməkdaşı Tamar Tevdoradze ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdiyini, bu cür görüşlərin əlaqələrin daha da inkişaf etməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Gürcüstan siyasi hakimiyyətinin təmsilçiləri qeyd ediblər ki, xalqlarımız bir yerdə yaşamalı və istənilən problemi birlikdə həll etməlidirlər. Çıxışlarda o da vurğulanıb ki, azərbaycanlıların Gürcüstan cəmiyyətinə hərtərəfli inteqrasiya olunmalarının mühüm tərəflərindən biri onların gürcü dilini yaxşı bilməsidir.
Görüşdə icma nümayəndələri ilə fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin adından Dmanisinin 1 saylı məktəbinə və Pantiani (Armudlu) kənd məktəbinə 2 noutbuk hədiyyə edilib. Komitə sədri Fuad Muradov noutbukları direktorlar İnqa Abuladzeyə və Mövlud Məmmədova təqdim edib.