Aprelin 2-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib.
Dövlət Komitəsinin sədri Tbilisidəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb. Onu Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və başqaları müşayiət ediblər.
Daha sonra F.Muradov Axaltsix şəhərindəki Samstxe-Cavaxetiya Dövlət Universitetində və Tbilisidə təhsil alan, Azərbaycan vətəndaşı olan 50-yə yaxın ahıska türkü ilə görüşüb. F.Muradov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrdə yaşayan və təhsil alan Azərbaycan vətəndaşlarına, eləcə də həmvətənlərimizə daim diqqət və qayğı göstərir. Azərbaycan nümayəndə heyətinin də tələbələrlə görüşü məhz həmin siyasətin tərkib hissəsidir. Məqsəd Gürcüstanda təhsil alan və Azərbaycan vətəndaşı olan ahıska türklərinin problemləri ilə maraqlanmaq və onları dəstəkləməkdir. Səmimi atmosfer şəraitində keçən görüş zamanı fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin sədri tələbələrin problemlərilə də maraqlanıb. Görüşdə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) baş katibi Ziyaddin Kasanov, DATÜB-in Gürcüstan üzrə nümayəndəsi İsmayıl Əhmədov da iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov çıxış edərək ahıska türklərinin təhsil problemləri, regiondakı vəziyyət və digər məsələlər barədə fikirlərin söyləyib, tələbələrə tövsiyələrini veriblər.
Komitə sədri F.Muradov Gürcüstan hökumətinin bu ölkədə təhsil alan Azərbaycan vətəndaşlarına göstərdiyi diqqət və qayğını da xüsusi qeyd edib.