Martın 30–31-də Bişkekin Kaba uulu Kojomkul adına idman sarayında Qırğızıstan Respublikasının prezidenti Sooronbay Jeenbekovun dəstəyilə ölkədəki xalqların diaspor assambleyaları arasında mini-futbolun birinci turu keçirilib. Yarış 2010-cu ildəki Aprel inqilabı qəhrəmanlarının xatirəsinə həsr olunub.
17 komandanın iştirak etdiyi turnirdə Azərbaycan diasporunu “Azəri” komandası təmsil edib. Yarışın keçirilməsində Qırğızıstan Respublikasının Prezident Aparatının rəhbəri A.M.Kenenbayev, baş nazirin müavini Z.M.Əsgərov, deputatlar, diaspor, ictimai təşkilatların rəhbərləri, eləcə də KİV nümayəndələri və başqaları iştirak ediblər.
Turnirin yekununda Qırğızıstanda yaşayan həmvətənlərimizin ictimai birliyinin “Azəri” komandası 1-ci yeri tutub. Final oyunu zamanı yerli azarkeşlərin əksəriyyəti bizim komandaya rəğbət bəslədiklərini nümayiş etdiriblər. Komandamızın üzvlərinə kuboku, medalları, diplomları və pul mükafatını Qırğızıstanın Prezident Aparatının rəhbərinin birinci müavini təqdim edib.
Qeyd edək ki, “Ən yaxşı oyunçu” nominasiyasına da “Azəri” komandasının təmsilçisi layiq görülüb.
Ölkənin bütün rəsmi KİV-ləri bu tədbiri işıqlandırıb.