Martın 25-də Vyanada türk xalqlarının təmsilçilərinin iştirakı ilə Novruz şənliyi keçirilib. Bayram tədbiri Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) dəstəyilə təşkil edilib.
Dunay çayının sahilində keçirilən şənliyi qurumun rəhbəri Yardım Günəş açıb. O, Novruz bayramının Azərbaycan və türk xalqları, o cümlədən regionda yerləşən bir sıra xalqların həyatında oynadığı roldan bəhs edib. Y.Günəş qeyd edib ki, Balkanlardan tutmuş Uzaq Şərqə kimi geniş məkana yayılmış türk xalqlarının ortaq bayramı olan Novruzun yaşadılması və ona məxsus adət-ənənələrin gənc nəslə aşılanması mühüm əhəmiyyət daşıyır. Baharın müjdəçisi olan Novruzu xaricdə keçirmək, onun ab-havasını yaratmaq bir tərəfdən soydaşlarımızın öz adət-ənənələrini yaşatmasına, digər tərəfdən isə yerli ictimaiyyətdə sülh, dostluq və bərəkət bayramı haqqında ətraflı təsəvvür yaratmağa xidmət edir.
Novruz şənliyində ilk dəfə Ergenekondan çıxışın rəmzi olan “Dəmirdöymə” mərasimi gerçəkləşdirilib. Azərbaycan səfirliyinin birinci katibi Rövşən Mirzəxanlı və Türkiyə səfirliyinin birinci müşaviri Mustafa Kemal Basa zindan üzərinə qoyulan dəmir parçasını çəkiclə döyərək, yeni ilin başlandığını müjdələyiblər.
Türk xalqlarının köçəri həyat tərzinin nişanəsi olan və milli adət-ənənələrə uyğun şəkildə qurulan və bəzədilən yurt (çadır) qonaqların böyük marağına səbəb olub. Türk xalqlarına məxsus şirniyyat və təamlar qonaqlara təqdim olunub.
Tədbirin bədii hissəsində Avstriyada yaşayan azərbaycanlı müğənni Aysel Quluzadə, tanınmış azərbaycanlı sənətçi Cavid Təbrizli Azərbaycan və türk mahnıları ifa ediblər. "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin dəstəyi ilə tədbirə dəvət edilən Azərbaycan aşığı Əli Zeynalabdinovun səsləndirdiyi aşıq havaları böyük coşğu ilə qarşılanıb.
Sonra müxtəlif folklor qrupları milli rəqslər təqdim ediblər, uşaqlar üçün əyləncəli oyunlar təşkil olunub. Tədbir bayram tonqalı ətrafında davam edib.