Martın 18-də Estoniya Dram Teatrının səhnəsində Pol Villardın "Köhnə telefon" əsəri nümayiş etdirilib. Tamaşada azərbaycanlı artistlər Hikmət Rəhimov, Münəvvər Əliyeva və Fidan Bayramovanın oynaması böyük maraq doğurub.
Əsərin nümayişi Estoniyanın Mədəniyyət Nazirliyi və İnteqrasiya Fondu, bu ölkədəki Azərbaycan icmasının dəstəyilə baş tutub. Estoniya parlamentariləri, Estoniya Mədəniyyət Nazirliyinin təmsilçiləri, Tallinn şəhərinin vitse-meri və nümayəndələri, Azərbaycanın və Türkiyənin Estoniyadakı səfirləri tamaşanı izləyən tamaşaçılar arasında olublar.
Tamaşadan sonra ziyafət zalında qəbul təşkil olunub. Estoniya Dram Teatrının direktoru Rein Oja çıxış edərək, belə gözəl layihənin təşkilinə görə Sənəm Əliyevaya təşəkkürünü bildirib. Tamaşaya yüksək qiymət verən direktor mədəniyyət və incəsənətin dilinin eyni olduğunu vurğulayıb, Hikmət Rəhimovu dahi aktyor adlandırıb
Estoniya İnteqrasiya Fondunun rəhbəri İrene Käosaar da tamaşa haqqında yüksək fikir söyləyib. O, qeyd edib ki, yad dildə oynanılmasına baxmayaraq, tamaşa anlaşılan olub.