Azərbaycanın Misirdəki "Vətənpərvər" Diaspor Təşkilatları Birliyinin gənc fəalları bu ölkənin 6 Oktyabr Universitetində keçirilmiş 12-ci Beynəlxalq festivalda Vətənimizi yüksək səviyyədə təmsil ediblər.
Festivalda 36 ölkənin təmsilçiləri iştirak ediblər.
Misirdə təhsil alan tələbələrimiz Beynəlxalq festivala Azərbaycanın Misirdəki səfirliyinin və "Vətənpərvər" Diaspor Təşkilatları Birliyinin dəstəyi ilə qatılıblar.
Vətənimizin tarixini, Qarabağ həqiqətlərini, mədəniyyətini, adət-ənənələrini, milli geyimini, mətbəxini və digər dəyərlərini təbliğ edən gənclərimiz Ermənistanın işğalçı ölkə olduğunu sübut edən çoxlu sayda kitabları da tədbir iştirakçılarına paylayıblar.
Tədbirdə gənclərimizin iştirakının təşəbbüskarı Eldar Şərifov bildirib ki, festival zamanı Azərbaycan pavilyonunu 10 minlərlə insan ziyarət edib. Zövqlü geyimlər və ləziz şirniyyatımız qonaqlarda çox böyük maraq doğurub. Milli geyimli tələbələrimizlə beş mindən çox qonaq şəkil çəkdirib. Ən maraqlı məqamlardan biri də festivalın böyük səhnəsində tələbələrimizin Azərbaycan dilində mahnı ifa etmələri olub. Onların fəallığı kütləvi informasiya vasitələrinin diqqətindən yayınmayıb. Tələbələrimiz iki televiziya kanalına, 10 qəzet və sayta müsahibə veriblər. Sonda diaspor gənclərimizə fəxri diplomlar təqdim olunub.
"Vətənpərvər" Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov qeyd edib ki, son illər Aərbaycanı təbliğ etmək məqsədilə mütəmadı olaraq müxtəlif tədbirlər təşkil edilir. Bu fəaliyyət nəticəsində Misirdə Azərbaycan həqiqətlərini bilənlərin sayı gündən- günə artmaqdadır.