Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Azərbaycanın Dostları Assosiasiyasının və Yaxın Şərq və Avropa üzrə Müasir İncəsənət İnstitutunun (SAFPEM-FMICA Organizers) təşkilatçılığı ilə Parisdə dünya söhrətli muğam ustası Alim Qasımovla görüş keçirilib. Görüşdə SAFPEM-FMICA İnstitutunun Fransa, Azərbaycan və İrana məxsus bir sıra təşkilatlarla əməkadaşlıq çərçivəsində həyata keçirdiyi “Yeddi Gözəl” layihəsi təqdim olunub.
Təqdimat mərasimində Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev, Konyak şəhərinin meri Mişel Qurinças, Fransanın siyasət, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.
Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva əvvəlcə assosiasiyanın məqsədi və fəaliyyəti barədə məlumat verib.
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bu gözəl tədbir üçün təşkilatçılara və layihənin təşəbbüskarlarına təşəkkürünü bildirib. O qeyd edib ki, Alim Qasımov Azərbaycanın milli dəyəri olan muğam sənətinin ən məşhur ustalarından biridir. Tariximizi, dilimizi, ənənələrimizi, ədəbiyyatımızı və fəlsəfəmizi təmsil edən muğam Azərbaycan mədəniyyətinin əsrarəngiz nümunəsidi. Alim Qasımov 1999-cu ildə YUNESKO-nun Beynəlxalq Musiqi Mükafatına layiq görülüb. Muğam isə 2008-ci ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Tədbirdə iştirak edən Fransa Milli Elmi-Tədqiqat Mərkəzinin professoru, etno-musiqişünas, Mərkəzi Asiya musiqisi üzrə mütəxəssis Jan During Azərbaycan muğamı, onun tarixi, inkişafı haqqında danışıb. İllər boyu Alim Qasımovun sənətini izləyən, onu yaxından tanıyıb dəyər verən musiqişünas xanəndənin yaradıcılığı barədə ətraflı məlumat verib. O bildirib ki, Alim Qasımov özünəməxsus sənəti ilə Muğam dünyasında iz qoyub, bir sənətkar kimi tamaşaçıların ürəyinə toxunmağı bacarıb. O, Qarabağ Muğam məktəbində və Şuşa şəhərində ölməz sənətkarların yetişdiyini vurğulayıb. J.Dürinq müasir dövrümüzdə Azərbaycan musiqisinin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın danılmaz xidmətləri olduğunu söyləyib.
SAFPEM-FMICA İnstitutunun prezidenti Gvendelin Lumaret qonaqlara "Yeddi gözəl" musiqi layihəsi haqqında ətraflı məlumat verib. Azərbaycanın dahi şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının motivlərini özündə daşıyan bu layihə müxtəlif ölkələrdə çəkilən 7 videoklipdən ibarətdir.
Mərasimdə həmçinin uzun illərdir Alim Qasımovla işləyən fotoqraf Jalal Didehvarın fotolarından ibarət sərgi təqdim olunub. SAFPEM-FMICA İnstitutu təqdim olunan fotoları ustad Alim Qasımovun imzası ilə Fransanın müxtəlif təhsil və mədəniyyət ocaqlarına hədiyyə edib.