Martın 23-də Almaniyanın Humbolt Universiteti və Milli Etnologiya İnstitutunun təşkilatçılığı ilə Berlin şəhərində Novruz festivalı keçirilib. Festivalda Azərbaycan, Əfqanıstan, Özbəkistan, Qazaxıstan, Türkiyə, Qırğızıstan, Türkmənistan və İrandan nümayəndə heyətləri iştirak edib.
Humbolt Universitetinin Etnologiya fakültəsinin dekanı Lars Kristian Koç Novruz bayramının mahiyyətindən danışıb. Etnologiya muzeyinin direktoru Johen Brüninq bayram münasibətilə bütün iştirakçıları təbrik edib.
Ölkəmizi festivalda Almaniya Azərbaycanlıları Koordinasiya Şurası və Azərbaycan Diasporuna Dəstək Fondu təmsil edib. Təhsil Nazirliyinin 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupu Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə festivala qatılıb. Əminə Musayevanın rəhbərlik etdiyi qrup Azərbaycan milli rəqslərini məharətlə ifa edib və festival iştirakçıları onların çıxışını gurultulu alqışlarla qarşılayıblar.
Festival çərçivəsində təşkil olunan sərgidəki Azərbaycan stendi əcnəbilərin marağına səbəb olub. Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin sədri Yaşar Musayev onlara milli adətlərimiz, mətbəximiz barədə ətraflı məlumat verib.