Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) paytaxtda fəaliyyət göstərən digər mədəniyyət mərkəzləri ilə birgə Babur parkında təntənəli Novruz şənliyi keçirib.
Özbəkistan Nazirlər Kabineti nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədri Rustam Qurbanov Novruz bayramının tarixindən söhbət açıb, bu bayramın Özbəkistanda yaşayan 130-dan artıq xalqın və millətin də əziz bayramı olduğunu diqqətə çatdırıb.
Sonra müxtəlif xalqların mahnı və rəqslərindən ibarət geniş konsert olub. “Azərbaycan qızları” uşaq rəqs ansamblı bir-birindən gözəl milli rəqslərimizi, müğənni Yusif Əliyev xalq və bəstəkar mahnılarını ifa edib.
Novruz şənlikləri mədəniyyət mərkəzləri üçün ayrılmış guşələrdə davam etdirilib.
Azərbaycan guşəsinə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatlar, ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı kitablar, suvenirlər nümayiş etdirilib. Azərbaycan guşəsinə gələnlər şəkərbura, paxlava, qoğal və digər Novruz şirniyyatlarına qonaq ediliblər.