Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə Avstriya Azərbaycanlıları Cəmiyyəti (AAC) Zaltsburq şəhərində Novruz şənliyi keçirib.
Tədbiri giriş sözü ilə açan AAC rəhbəri Fərid Əzizov hər kəsi bayram münasibətilə təbrik edərək, Novruzun qədim bayramlardan biri olduğunu vurğulayıb. Qeyd olunub ki, Novruz yeni gün, yeni həyat mənasını daşımaqla bərabər, həm də azərbaycanlıların yeni ilidir. Çünki, məhz Novruzda həyat yenidən canlanır, təbiət oyanır, gecə ilə gündüz bərabərləşir.
Almaniya Münhen Azərbaycanlıları Cəmiyyətinin sədri Səttar Kərimov ölkəmizin müstəqillik illərində daxili və xarici siyasətdə qazandığı uğurlardan söz açıb.
Tədbirdə çıxış edən ADDF-nin İcraçı direktorunun müavini Aytən Əliyeva Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Avstriyada yaşayan azərbaycanlılara bayram təbrikini çatdırıb. O, Novruzun birlik və bərabərlik bayramı olmasından danışıb.
Novruz şənliyinə Türkiyə, Yəmən, İtaliya, Almaniya, Çeçenistan diaspor təşkilatlarının üzvləri ilə yanaşı Avstriyanın yuksək vəzifəli şəxsləri və iş adamları da qatılıb.
Avstriyalı iş adamı Tomas Vinkler Novruz bayramını Avstriyanın milli bayramı olan Osten bayramına bənzədib, Azərbaycan və Avstriya xalqları arasında böyük mədəniyyət bağının olmasından bəhs edib.
Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, Zaltsburq şəhəri əmək bazarı xidmətinin məsul şəxsi və çıxış edən digər qonaqlar bu mərasimin onlarda böyük maraq oyatmasından, Azərbaycan mədəniyyətinin zənginliyindən danışıblar.
Tanınmış incəsənət ustası Elbariz Həmidlinin çıxışı və “Nostalji” qrupunun ifa etdiyi musiqi nömrələri bayram şənliyinə xüsusi rəng qatıb.