Azərbaycan tarixində xüsusi yeri olan “Dəmir qapı” Dərbənddə şəhər sakinləri və qonaqlar üçün coşqulu Novruz şənliyi təşkil olunub. Bu şəhərdə fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının aktyoru "Dədə Qorqud" obrazında şənlik iştirakçılarını salamladıqdan sonra milli geyimli çapar Azərbaycan musiqisinin sədaları altında bayram tonqalını alovlandırıb.
Şəhərin tarixi abidələrindən olan “Orta Qapı”dan Cümə məscidinə qədər küçə boyunca üzərində Azərbaycan yeməkləri, şirniyyatları və səməni olan süfrə açılıb.
Dram Teatrının aktyorlarının “Kosa və Keçəl” tamaşası, Dağıstanın estrada ulduzlarının çıxışları, "Xəzər” Dövlət rəqs ansamblının və məktəblilərin ifaları bayram tədbirini daha da zənginləşdirib.