Rusiya Kikboks Federasiyasının və İstra şəhərinin Azərbaycan icmasının dəstəyi ilə “Arena-İstra” İdman Kompleksində “Vətəni Müdafiə” gününə həsr olunmuş açıq kikboks turniri keçirilib. Yarışa Rusiyanın 8 bölgəsini əhatə edən 40 idman klubundan, həmçinin Belarus və Azərbaycan idman klublarından ümumilikdə 250-dən çox idmançı qatılıb.
Turnirin təntənəli açılış mərasimində Moskva Dumasının deputatı Qalina Utkina, Rusiya Kikboks Federasiyasının prezidenti Vadim Ukraintsev, Moskva Kikboks Federasiyasının prezidenti Aleksey Batin, Böyük Vətən müharibəsi veteranı Vasiliy Kasatkin, Turnirin əsas təşkilatçısı, əməkdar idman ustası Elmir Əliyev və digər qonaqlar iştirak ediblər. Çıxış edənlər yarışın əhəmiyyətini qeyd edərək, burada mübarizə aparan bütün idmançılara uğurlar arzulayıblar.
Böyük Vətən müharibəsi veteranları, "Vahid Rusiya" partiyasının üzvləri, həmçinin bir sıra millət vəkilləri, kikboks üzrə dünya və Avropa çempionları, İctimai palatanın üzvləri, müxtəlif ictimai təşkilatların nümayəndələri yarışı izləyiblər.
Turnirin yekun nəticələrinə görə medal sıralamasında I-ci yerə "Alex" (Moskva), II-ci yerə SC "Olympus" (Gəncə, Azərbaycan), III-cü yerə isə SC "Gladiator" (Moskva) idman klubları layiq görülüblər.