Bu il Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı keçirilən mühüm tədbirlərdən biri də Amerika Birləşmiş Ştatlarında baş tutub. ABŞ-ın nüfuzlu təşkilatlarından olan Amerika Sefardlar Federasiyası (ASF) və Müsəlman Amerika Liderlik İttifaqının (MALA) birgə təşkil etdiyi anım mərasimində müxtəlif yəhudi təşkilatların rəhbərləri, dini liderlər, alimlər və soyqırım qurbanı olan nəsillərin nümayəndələri iştirak edib.
Müxtəlif panellərdə çıxış edən şəxslər insanlığa qarşı cinayətlər, xüsusilə də Xocalı soyqırımı kimi halların qarşısının alınması və günahkarların cəzalandırılması yolları barədə fikirlərini bölüşüblər.
Amerika Sefardlar Federasiyasının icraçı direktoru Ceson Quberman çıxışında illər boyu yəhudilərin və azərbaycanlıların başına gətirilən faciələr arasında paralellər aparıb, Xocalı soyqırımını törədənlərin beynəlxalq hüquq qarşısında cavab vermələrinin vacibliyindən danışıb.
MALA-nın icraçı direktoru Zeynəb Xan bildirib ki, icmalar dil, mədəniyyət və mənşə fərqi qoymadan birlikdə fəaliyyət göstərməlidirlər.
Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov yəhudi-müsəlman təşkilatlarının belə bir mərasim keçirməsini dinlərarası əməkdaşlığın nümunəsi hesab etdiyini deyib.
Xocalı qətliamından sağ çıxan və bu gün Kaliforniyada yaşayan Anar Usubovun xatirələri maraqla qarşılanıb. O, ailə şəkillərini nümayiş etdirib və acı həyat hekayəsini bölüşüb.
Tədbirdə iştirak edən professor Danielle Knaffonun müharibələrin və kütləvi qırğınların, o cümlədən qətliamların əhalinin psixologiyasına təsiri ilə bağlı fikirləri diqqətlə dinlənilib.
Qeyd edək ki, ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarından olan Amerika Sefardlar Federasiyası və digər önəmli yəhudi təşkilatları ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq qurulub. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində iş aparılır.