İsveçin Stokholm şəhərində fəaliyyət göstərən SAF dərnəyi 8 mart Beynəlxalq Qadınlar günündə azərbaycanlı və isveçli xanımları bir araya toplayıb.
Tədbirdə SAF dərnəyinin idarə heyətinin üzvləri, müstəqil yazar Eluca Atalı, “Azərbaycan evi” dərnəyinin həmsədrləri Sevinc Abdullayeva, Taymaz Təbrizli, Leyla Heydərova, “Medborgarskolan” İsveç təhsil idarəsinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Görüş Samirə Şərifova, Tünzalə Oruczadə və Cəmilə Xəlilovanın aparıcılığı ilə üç dildə - isveç, Azərbaycan və ingilis dillərində keçirilib.
SAF dərnəyinin sədri Sevda Dadaşova qonaqları salamlayaraq, bayramlarını təbrik edib və onlara Azərbaycan Respublikasının qadın haqlarını tanıyan ilk müsəlman ölkəsi olduğu barədə məlumat verib. Qadın hüquqlarının Azərbaycanda 1919-cu ildə, İsveçdə 1921-ci ildə, Türkiyədə isə 1923-cü ildə bərqərar olduğu vurğulanıb.
Tədbirdə SAF dərnəyinin uşaq rəqs qrupu Azərbaycan milli rəqslərini ifa edib və sonda qonaqlara hədiyyələr təqdim edilib.