“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi Niderland Krallığının Haaqa şəhərində “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə bayram tədbiri təşkil edib. Tədbirə 100-ə yaxın soydaşımız toplaşıb. Birliyin rəhbəri Mayisə Ağamirzəyeva bildirib ki, mərasimdə bu bayramın tarixindən və görkəmli Azərbaycan qadınlarından, onların türk mədəniyyətində, eləcə də islamda yerindən danışılıb.
Qeyd olunub ki, Azərbaycan qadını tarixin bütün dövrlərində istər ictimai-siyasi, istərsə də elmi-mədəni sahədə öndə olub və bu mənada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın günümüzdəki fəaliyyəti bütün qadınlarımıza ən gözəl örnəkdir.
Bununla yanaşı, Niderlandda azərbaycanlı qadınların yüksək mövqelərə gəlib çatmasından danışılıb, milli adət-ənənələrimizin, ana dilimizin qorunmasında və gələcək nəsillərə ötürülməsində göstərdikləri fədakarlıqlar təqdir olunub. Tədbir iştirakçıları belə görüşlərin tanışlıq və ünsiyyət, əlaqələrin daimiliyi baxımından vacibliyini qeyd ediblər.
Niderlandda yaşayan və iş həyatında, ictimai sahədə uğur qazanan, diaspor fəaliyyətində aktivlik göstərən xanımlar “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin təşəkkürnamələri və gül dəstələri ilə mükafatlandırılıblar.
Tədbir əyləncəli viktorinalar və bayram konserti ilə davam edib.