Əziz xanımlar!
Sizi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi adından təbrik edirik.
Azərbaycan diasporunun formalaşması və inkişafı, xalqımızın mədəni irsinin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində əldə edilmiş uğurlarda xaricdə yaşayan qadınların rolu danılmazdır. Sevindirici haldır ki, Azərbaycanın diaspor hərəkatında xüsusi xidmətləri olan azərbaycanlı qadınlar doğma Vətənin milli maraqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması istiqamətində ardıcıl işlər aparır, digər ölkələrin qadın təşkilatları və qabaqcıl qadınları ilə işgüzar əlaqələr qururlar.
Məhz sizin davamlı fəaliyyətiniz sayəsində dünyanın müxtəlif ölkələrində Azərbaycan diaspor təşkilatlarının işinin fəallaşdırılması, doğma Vətənimizin zəngin mənəvi, intellektual potensiala, qədim tarixə və mədəniyyətə malik bir ölkə kimi tanıdılmasında böyük uğurlar əldə edilmişdir.
İnanırıq ki, xaricdə Vətənimizi uğurla təmsil edən Azərbaycan qadını bundan sonra da azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək dövlətimizin milli maraqlarının qorunması, zəngin mədəni irsimizin layiqincə təmsil edilməsi, ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə daha effektli və mütəşəkkil şəkildə çatdırılması işinə böyük töhfələr verəcəkdir.
Hörmətli xanımlar!
Bir daha Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və doğma Azərbaycanımızın təbliği istiqamətində apardığınız məsuliyyətli və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.